Elçin Mirzəbəyli:"...Adam adının yanında bu titulun qeyd olunmasına utanır"
"Mətbuata heç bir aidiyyəti olmayan, baş redaktor sözünün çəkisini, mahiyyətini anlamayan, bu sözə nəinki layiq, hətta yanından keçə bilməyən adamlar bu adla təqdim edilir"
"Ənənəvi mətbuatda jurnalistlərin, redaktorların qeyri-peşəkarlığı ilə bağlı problemlər demək olar ki, ortaya çıxmır”.
Bunu "Sherg.az”a Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, "Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının önəmli qurumların mətbuat xidmətlərini, ekspertləri səhv salacağını təsəvvür edə bilmir:
"Baş redaktor sözünü o qədər ucuzlaşdırıblar ki, adam adının yanında bu titulun qeyd olunmasına utanır. Çox hallarda mən özümü sadəcə Elçin Mirzəbəyli kimi təqdim edirəm. Çünki mətbuata heç bir aidiyyəti olmayan, baş redaktor sözünün çəkisini, mahiyyətini anlamayan, bu sözə nəinki layiq, hətta yanından keçə bilməyən adamlar bu adla təqdim edilir. Görünür, bəzən onlar qəbul olunur. Baş redaktorluq, redaktorluq, jurnalistlik həddən artıq böyük məsuliyyət daşıyan statusdur. Bu sahədə hüquqi tənzimləmələrə ehtiyac var.
Birmənalı qərar vermək lazımdır. Hüquqi şəxs kimi qeydiyyatdan keçməyən, məsuliyyət daşımayan, peşəkarlığın prinsiplərinə uyğun gəlməyənlər media qurumları hesab oluna bilməzlər. İrəli sürülən şərtlərlə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) indiyə qədər qəbul etdiyi çox uğurlu qərarlar var.
Bunlar yazılı mediaya tətbiq olunur. Amma internet mediaya da müəyyən şərtlər qoyulmalıdır. Ən azı bu qurumların, ümumiyyətlə, peşəkar fəaliyyət göstərmək üçün ofisləri, ştatları olmalı, çalışan işçilər, onların fəaliyyəti göstərilməlidir. Ciddi strukturlar bunu nəzərə alacaq. Bir nəfər "komanda” ilə çalışan, səyyar media fəaliyyəti ilə məşğul olanlar isə şərtləri təmin etməli olacaq. Həmin internet media resursları hüquqi şəxs kimi qeydiyyatdan keçərkən bütün bunlar nəzərə alına bilər.
Domen adlarının verilməsi zamanı da bu prinsiplərə əməl etmək lazımdır. Hüquqi şəxslər, dövlət qurumları, şirkətlər sayt açarkən rəsmi qaydada müraciət edib, domeyn alır. Öz fəaliyyətlərini Kütləvi İnformasiya Vasitəsi kimi elan edənlərə də bu şərtlər qoyulmalıdır.
Başqa cür yolu yoxdur. İctimai qınağın effektli olmayacağı artıq təsdiq edilib. Hüquqi tənzimləmələrə ehtiyac var. İnternet media ilə bağlı sərhədləri müəyyənləşdirməyin vaxtı çatıb. Çünki biz özümüz də bundan əziyyət çəkirik”.
Qeyd edək ki, son illər ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətləri bəzi jurnalist və redaksiyaları qeyri - peşəkarlıqda ittiham edirlər. Bildirirlər ki, mətbuatda heç bir məqalə ilə çıxış etməyənlər hansısa elektron media quruluşa baş redaktor təyin olunur ki, onun da əzab-əziyyətini həmin dövlət qurumları çəkir. Ona görə ki, həmin "baş redaktor" əməkdaşlarına doğru-düzgün istiqamət verə bilmir. Nəticədə müxbir sualını aidiyyəti olmayan qurumların mətbuat xidmətləri və ya ekspertlərinə ünvanlayır ki, sonda arzuolunmaz mənzərə meydana çıxır.
Aysel Aslan