Baş redaktordan sərt tənqid: "Hansısa mətbu orqan qəssaba media mükafatı verməli deyil"

İlham Quliyev: "Bu, medianı, jurnalistləri hörmətdən salan haldır"



"Mətbuat adından müxtəlif mükafatların verilməsi təbiidir. Amma bu mükafatlar kimlərə, hansı xidmətlərinə görə verilir ? Bax, buna diqqət edilməlidir”.

Bu sözləri "Sherg.az”a son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan "Xalq yazarı” qəzetinin baş redaktoru tərəfindən qəssaba diplom verilməsindən danışarkən "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib. 

O bildirib ki, hər hansı mətbuat orqan qəssaba media mükafatı və ya fəxri fərman verməli deyil:

"Bu, ancaq tənqid edilə bilər. Medianı, jurnalistləri hörmətdən salan haldır. Belə nöqsanlara yol verənlər ciddi ictimai qınaqlara məruz qalmalıdırlar. Amma ictimai qınağın bu cür yol tutan şəxslərə təsir edəcəyini düşünmürəm. Bir adam qəssaba mükafat verirsə, sonra hansısa tənqid qarşısında geri çəkiləcəyinə inanmaq sadəlövhlük olar. 

Lakin bizim əlimizdən gələn sadəcə qınamaqla, münasibətimizi bildirməkdir. Bütün media nümayəndələri buna ironik, ciddi formada qınağını ortaya qoydular. İnanmıram ki, kimsə bunu normal qəbul etsin”.

Belə hallara qarşı tədbir görülməsinə gəlincə, baş redaktor deyib ki, Mətbuat Şurası (MŞ) bu konteksdən çıxış edərək, ümumi problem kimi konfrans keçirib, müzakirə apara bilər:

"Dəfələrlə bu cür mənfi hallarda MŞ rəhbərliyinin, şuranın idarə heyətinin münasibətini görmüşük. Onlar həmişə əleyhinə çıxırlar. Lakin bunun qarşısını almaq üçün kimisə saxlamaq mümkün deyil. Sadəcə, mükafatı alanlar da diqqətli olmalıdırlar. Mükafat onlara nüfuz, mənfəət gətirirmi? Nə üçün həmin mükafatı alırlar? Bütün bunlara diqqət edilməlidir. Təbii ki, qəssabı qınaya bilmərik. O, mükafatı verənin kim olduğu ilə bağlı çətinlik çəkə bilər.

Bu, birinci hal deyil. Media adından müxtəlif tədbirlər keçirilir, gülüş doğuran nominasiyalar, hətta mənfi mükafatlar verilir. Ona görə, insanlar belə məsələlərdə ciddi davranmalıdırlar. Sirr deyil ki, bu cür mükafatları pul müqabilində verirlər. Hər halda, vətəndaş da bilməlidir ki, nəyə pul verir”.

Qeyd edək ki, Ötən günlərdə Bərdədə bir qəssaba"ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verilib. "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən verilən bu fəxri fərmana görə qəssabdan nə az, nə çox düz 10 manatda pul alınıb.

Aysel Aslan