Məktəblərdə sosial şəbəkələrdən davranış qaydaları öyrədilməlidir
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cəmiyyətdə yaranan mənfi tendensiyaların, bəzi şəxslərin, dövlətçilik əleyhinə olan fəaliyyətlərin qarşısının alınması və söyüş texnologiyasına son qoyulması üçün təklif irəli sürüb. Baş redaktor hesab edir ki, orta məktəblərdə sosial media dərsləri tədris olunmalıdır:
"Sosial mediada etik normaların gözlənilməsi haqda yetişən nəsil maarifləndirilsin. Çünki bu gün Azərbaycana qarşı qara yaxmaq istəyən bu qüvvələrin əsas hədəfi məhz yetişən nəsildir”.
Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələrə marağın gündən-günə artdığını vurğulayan təhsil eksperti Kamran Əsədov son bir il ərzində Azərbaycanda feysbuk istifadəçilərinin sayının 2 dəfə artdığını deyib:
"Sosial şəbəkə dedikdə çoxları üçün söhbət yalnız feysbuk və tvitterdən gedə bilər. Əslində isə belə deyil. Bütün bloglar, forumlar, çat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. Sadəcə, Harvard Universitetinin istifadəçiləri üçün yaradılan feysbuk qısa müddət ərzində bütün şəbəkələrin reytinqini üstələyə bilib”.
Sosial şəbəkələrin hazırda dünyanı idarə edən qüvvələrdən biri olduğunu vurğulayan K.Əsədovun fikrincə, həm karyera, həm akademik cəhətdən, həm də gündəlik həyatımızda ən çox işlədilən, ən çox vacib sayılan vasitələrdən biridir:
"Məsələn, götürək iş tapmağı, sosial şəbəkə ilə iş tapmaq daha asandır, nəinki müraciət formalarına daxil olmaqla. Sosial şəbəkələrdən istifadə həm asandır, həm də əlverişlidir. Unutmaq olmaz ki, sosial şəbəkələrin mənfi təsirlərinin müsbət tərəflərindən daha çox olduğunu düşünürəm. İnsanların hər hansı bir mövzu haqqında şərh vermələri və səbirsizliklə digər insanların şərhlərini gözləmələri vaxt itkisinə səbəb olur. Bəzi dostların cansıxıcı postları və yaxud da onları silə bilmədiyim üçün, incikliyə səbəb olduğu üçün sosial şəbəkəni özüm tərk etdim. Digər tərəfdən də vaxt itkisidir.
Mənfi və müsbət tərəflərini nəzərə almaqla qəti olaraq demək olar ki, insanların sosial şəbəkəni necə, hansı limitdə, hansı məqsədlə istifadə etməsindən asılıdır. Əlbəttə, öz inkişafları üçün istifadə edilərsə, niyə olmasın? Xüsusilə, hazırda inkişafa ehtiyacı olan Azərbaycanda gənclərin istifadəsi üçün çox yaxşı vasitədir.
Bütün bunları nəzərə alsaq, əlbəttə ki, şagirdlərə bunların aşılanması lazımdır. Tanıdığım xarici ölkədə universitetdə professorlarımdan biri feysbuku öz dərs vasitəsi kimi istifadə edirdi. Hər hansı bir elan və ya məqalə olanda müəllim onu feysbuk vasitəsilə çatdırırdı. Çünki o əmin idi ki, tələbələrin 90 faizi həmin gün, həmin saat feysbukdadırlar”.
Təhsil ekspertinin sözlərinə görə, bu sistemdən valideynlərin nəzarəti altında istifadə olunmasında ciddi təhlükə yoxdur. Hətta sosial şəbəkələrdə müəyyən qruplarda dərslərin, test tapşırıqlarının müzakirəsi, onlayn dərslər olur ki, bunlar da çox faydalıdır:
"Bütün bunlar fonunda sualınıza cavab olaraq deyim ki, bəli, məktəblilərə sosial şəbəkələrdən və internet resurslarından düzgün istifadə etmək üçün təlimlər keçirilməli, amma istifadə valideynlərin ciddi nəzarəti altında həyata keçirilməlidir”.
"Orta və ali məktəblərdə müəyyən olunan dərslər oxunurmu ki, əlavə olaraq sosial şəbəkələrdən düzgün istifadə də öyrədilsin?”. Bunu isə "Sherg.az”a millət vəkili Fazil Mustafa bildirib. O vurğulayıb ki, sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrənmək üçün xüsusi bilgilər vacib deyil: "Sosial şəbəkədə mədəni davranmaq üçün təhsilli olmaq lazımdır. Mədəniyyətsiz danışmaq, təhqiredici ifadələr yazmaq üçün isə təhsilsiz olmaq kifayətdir. Xüsusi dərs keçməyə heç bir ehtiyac yoxdur. Səviyyəli insanlar sosial şəbəkələrdə də faydalı işlər görür, faydalı paylaşımlar edir. Əyləncə, başını qatmaq üçün sosial şəbəkə istifadə edənlər isə ancaq şəbəkələri "çirkləndirir”. Orta və ali məktəblərdə dərslər ayırmaqla sosial şəbəkələrdə düzgün davranış qaydaları öyrətmək olmayacaq. Bu sadəcə gəlişi gözəl təklifdir, effektli olacağını düşünmürəm”.
Şəymən