Bədbin proqnoz:"Neftin bahalaşması üçün fundamental səbəblər yoxdur"

"Ötən həftə neft bazarı üçün önəmli, pozitiv siqnallar səsləndirilirdi”.
Bu barədə Sherg.az-a neftin ucuzlaşmasının səbəblərini izah edərkən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban danışıb. 
O xatırladıb ki, OPEC ölkələrinin neft hasilatını azaltmaq haqqındakı bəyanatları reallaşdırılmadı:
"Hasilatın azaldılması haqqında çıxışlar və Amerikanın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsi xəbərləri bazarda canlanmaya səbəb oldu. Bütün bu proseslərin nəticəsində qısa müddətdə 52,5 dolları keçdi.
Neftin qiymətinin artdığı vaxtda da bunun sadəcə bazarın qızışdırılması üçün atılan aldadıcı addımlar olduğunu bildirmişdim. Neftin bahalaşması üçün fundamental səbəblər yoxdur.
Ötən həftənin cümə axşamı və cümə günlərində Birləşmiş Ərəb Əmiliklərində (BƏƏ) keçirilən toplantı ilə əlaqədar müsbət əhval-ruhiyyə var idi. Bu gün isə bazar iştirakçıları həmin toplantıdan sonra bazara təsir edəcək bəyanatlar olmadığını müşahidə etdi.
Neftin qiymətində müşahidə olunan azalma o qədər böyük də deyil. Güman ki, sabah qiymətlərdə yenə dəyişiklik müşahidə oluna bilər. Neftin bazarda dəyərinin artacağını yaxud azalacağını demək çətindir. Həftənin çərşənbə günü, Bakı vaxtı ilə təxminən saat 18:00-da ABŞ Administrasiyası ötən həftə ərzində bu ölkədəki hasilatın və neft ehtiyatlarının vəziyyətini açıqlayacaq. Həmin hesabatlar verilən proqnozlarla üst-üstə düşməyəcəksə, qiymətlərdə dəyişiklikləri müşahidə edəcəyik”.
Qeyd edək ki, bu gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 49,41 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,62% azalaraq 52,23 dollar olub.
Aysel Aslan