Beləsinə nə ad verəsən? Qrabitel! Tüfeyli! – Video

Akif Nağı: “Zakir Fərəcovun əmisi oğlu özünü o qədər sərbəst hiss edir ki, qadına qarşı belə ağır söyüşlər işlədir”“Hesab edirəm ki, baş verən eybəcər hadisənin məsuliyyəti Sumqayıt şəhər İcra hakimiyyətinin başçının üzərinə düşür”
Bu günlərdə sosial şəbəkələrdə məmur qohumunun özbaşınalığına dair yayılan növbəti video qızğın müzakirələrə səbəb olub. Videogörüntüdə qadın və kişi sürücü arasında mübahisə əks olunub. Yol nəqliyyat hadisəsindən sonra kişi sürücü maşınından düşərək qadın sürücüyə hücum çəkir və onu ağır və kobud söyüşlərlə təhqir edir.
Məlumata görə, qadına qarşı nalayiq ifadələr səsləndirən şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur.
Xatırladaq ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə məmurları ,onların ailə üzvləri və yaxınlarını sadə olmağa, vətəndaşlara hörmətlə yanaşmağa çağırıb. Prezident məmurlara tövsiyə edib ki, vətəndaşlara xidmət etdiklərini unutmasınlar. Lakin bəzi hallarda ayrı-ayrı harınlamış məmurlar və onların yaxınları özbaşınalıqlara yol verib, sadə insanları təhqir edirlər. Bu da sözsüz ki,cəmiyyətdə qəzəb doğurur.   
Məsələn, elə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da "Sherg.az"a açıqlamasında bu halı pisləyib. O qeyd edib ki, məmurların və  qohumlarının göstərdiyi davranışlar olduqca vacibdir.
Onun sözlərinə görə, vəzifəli şəxslərin nümayiş etdirdikləri davranışlar cəmiyyətdə əxlaqi dəyərləri formalaşdırır, qarşılıqlı münasibətlərə təsir göstərir:
"Eyni zamanda ölkənin, Qarabağın taleyi bu cür davranışlardan asılıdır. İnsanlar arasında xoş münasibətlər olsa, məmurlar və onların yaxınları bu münasibətlərdə nümunə olsalar, daha yaxşıdır. Cəmiyyətimizdə belə hadisələrə olduqca həssas yanaşırlar.
Məmurlara, onların qohumlarına nəzarətin olmaması və yaxud zəif olmasının göstəricisidir ki, hər dəfə belə problemlər ortaya çıxır. Hansısa vəzifədə çalışanların özləri və yaxınları ilə bağlı eybəcərliklər olur. Hesab edirəm ki, baş verən hadisənin məsuliyyəti Sumqayıt şəhər İcra hakimiyyətinin başçının üzərinə düşür.
Onun qohumu özünü o qədər sərbəst hiss edir ki, sıravi vətəndaşa qarşı, xüsusilə də qadına qarşı ağır söyüşlər işlədir. Düşünürəm ki, belə məsələlərin aradan qaldırmağın yeganə yolu məmurlara, vəzifəli şəxslərə və onların qohumlarına nəzarəti gücləndirməkdir. Bunun üçün müştərək bir qurumun yaradılmasına ehtiyac var. Eyni zamanda belə hallar baş verirsə, hadisəni törədənlər ayrı-ayrılıqda cəzalandırmalıdır” .
Yeganə Bayramova