Bərzani rəzil oldu

İraq ordusu ildırım sürəti ilə döyüşsüz Kərkükü azad etdi
Bu hadisə Qarabağ probleminin həllində danışıqlar prosesinə nümunə ola bilər


Oktyabrın 15-dən hərbi əməliyyata başlayan İraq ordusu kürd-peşmərgə qüvvələri ilə qarşıdurmadan sonra Kərkük şəhərində nəzarəti ələ keçiriblər. İraqın Baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib. Hazırda İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarına nəzarət edirlər.

İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb. Bundan sonra peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkiliblər. Kərkükün ardınca İraq ordusu və könüllü "Həşdi-Şabi” qüvvələri kürdlərin nəzarətində olan digər əraziləri azad etməyə başlayıblar. Şinqal rayonunu nəzarətə götürən hökumət qüvvələri Bey-Həsən neft yatağını da tutublar. İraqın Şimal Neft Şirkətinin rəhbəri Fərid əl-Cuir bildirib ki, ordu, həmçinin Əvana neft yatağına nəzarəti də ələ alıb. Dünən isə Babaqur-Qur neft yatağı İraq ordusunun əlinə keçib.

 Kürdlərin peşmərgə qüvvələri ciddi müqavimət göstərmədən ərazini tərk ediblər. Peşmərgələr Tuz-Xurma, Dəquq, Gülalə rayonlarını da təhvil verərək geri çəkilib. Bərzaniyə tabe peşmərgələr ABŞ-ın xəyanəti ilə üzləşdiklərini deyiblər. Onların Suriya, Türkiyə, İran, Azərbaycan, Küveyt, BƏƏ, Misir, İsrail və digər ölkələrə üz tutduqları barəsində xəbərlər artıq rəsmi xarakter daşıyır. O da bəllidir ki, peşmərgə qüvvələrinə dəstək üçün gəlmiş PKK silahlı qüvvələri də son Kərkük döyüşlərində tamamilə darmadağın olublar. Bərzaninin elan etdiyi qondarma Kürdüstan Muxtariyyatı tamamilə təşviş içindədir. Bərzani və PKK-nı dəstəkləyən əksər informasiya qaynaqları da bu qədər acınacaqlı duruma düşməsində Avropa Birliyini və ABŞ-ı sərt şəkildə suçlamağa başlayıblar. ABŞ Prezidenti Donald Tramp isə deyib ki, o, kürdlərlə Bağdadın anlaşmamasından məmnun deyil: "Amerika kürdlərlə rəsmi Bağdad arasında tərəf tutmur”. Bəzi ekspertlər illərdir Kərkükü əllərində saxlayan separatçı peşmərgənin bir günün içində şəhəri qoyub qaçmasını ermənilərin zəbt etdiyi Qarabağ məsələsi ilə müqayisə ediblər. Ekspertlərə görə, artıq erməni separatçılarının da Dağlıq Qarabağı qoyub qaçmaq vaxtı çatıb.

Bölgədə baş verən prosesləri "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, kürd separatçılarının işğal etdikləri türkmən torpağı Kərkükü "könüllü” olaraq döyüşsüz tərk etməsi münaqişəli ərazilərdə problemlərin həlli istiqamətində yeni səhifə aça bilər: 

"Nüfuzlu dövlətlərin sərt bəyanatı ilə bir neçə günün ərzində mütəşəkkil şəkildə və bir güllə belə atmadan işğal edilən torpaqların azad olunmasının şahidi olduq. Bu hadisə Qarabağ probleminin həllində danışıqlar prosesinə nümunə ola bilər. Nəhayət, Rusiya hakimiyyətinin indiyə qədər bəslədiyi separatçılara "çıx” əmri verməsinin zamanı gəlib. İndiyə qədər aparılan bütün danışıqların əhəmiyyətsiz və nəticəsiz qalması əslində problemin həllinə yeni yanaşmanı labüd edir. Təbii ki, Rusiya hakimiyyəti işğaldan azad edəcəyi ərazilərin əvəzində Azərbaycandan siyasi güzəştlər tələb edəcək. Lakin bu güzəştlər yalnız iqtisadi əməkdaşlıq çərçivəsində mümkündür. Heç bir halda müstəqilliyimizə ziyan gətirəcək anlaşmalara razılıq verməməliyik. Bütün bunlar baş vermədiyi halda Azərbaycan güclü iqtisadiyyata malik, sivil, müasir və demokratik cəmiyyət qurmaq uğrunda yolunu davam etməlidir. Xarici siyasətimizin əsas istiqamətinin işğal olunmuş torpaqların qansız və müharibəsiz azad olunması olsa da, hərbi gücümüzün artması regionda lider dövlət olmağımıza xidmət edəcək”. 

Politoloq Elxan Şahinoğlu da bildirib ki, ermənilər kürdlərdən güclü deyil. Əgər İraq ordusu ildırım sürəti ilə Kərkükü döyüşsüz ələ keçirdisə və bununla itirilmiş imicini bərpa etdisə, Azərbaycan ordusunun da ən azı Ağdərəni və Sərsəng su anbarının ətrafını işğalçılardan təmizləməsi imkanı və gücü var:

"İşğalçıların arxasında hansısa gücün dayanması məsələsi əslində, mifdir. Mən inanmıram ki, Ermənistan ordusunda xidmət edənlərin sayı o qədərdir ki, separatçıların işğal altındakı yüzlərlə kilometr ərazi boyunca müdafiə rerusları olsun. İllərdir "Kərkük kürd şəhəridir” deyən peşmərgə gücləri mərkəzi hakimiyyətin ordusu qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu ona görə baş verdi ki, əslində kürdlər Kərkükü özününkü saymayıblar. Bəlkə də Ərbil uğrunda sonadək savaşarlar. Ancaq Kərkük onların deyil. Necə ki, Ağdam, Şuşa, Kəlbəcər və digər işğal altındakı rayonlarımızın ermənilərə dəxli yoxdur. Deyirlər ki, bəs ermənilərin arxasında Rusiya dayanır və torpaqlarımızı azad etməyə imkan vermir. Mən də deyirəm ki, kürdlərin arxasında ABŞ və İsrail dayanırdı, ancaq bu güclər də Kərkükü "qoruya bilmədilər”.

İsmayıl