Kütləvi halda 7 rayonun şöbə rəisini işdən çıxarıb, başqa bir rayona rəis təyin etməyin heç bir effektiv nəticəsi ola bilməz
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi işdən çıxarılıb. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov tutduğu vəzifədən azad edilərək, Balakən rayon şöbəsinin rəisi, Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev tutduğu vəzifədən azad edilərək, Lerik rayon şöbəsinin rəisi, Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon şöbəsinin rəisi, Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev tutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi, Qazax rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tutduğu vəzifədən azad edilərək, Kəpəz rayon şöbəsinin rəisi, Kəpəz rayon şöbəsinin rəisi İlqar Əliyev tutduğu vəzifədən azad edilərək, Qəbələ rayon şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər. Bundan başqa, xidmətin Qəbələ rayon şöbəsinin rəisi olmuş Niyaz Məmmədov tutduğu vəzifədən azad edilərək, xidmətin baş idarəsində vəzifəyə gətirilib. Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə isə Ağaverdi Fəttahov təyinat alıb.
Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli Silahlı Qüvvələrdə xidmət edən vəzifəli şəxslərin tez-tez yeniləri ilə əvəz olunmasının tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, bir şəxsin illərlə rəis vəzifəsində təmsil olunması doğru deyil.
Ekspert hesab edir ki, digər orqanlarla müqayisədə milli orduda bu istiqamətdə durum qənaətbəxşdir. Yerdəyişmə tağım komandirliyindən briqada komandirliyinə, daha sonra korpus komandirliyinə qədər mərhələli şəkildə aparılır və hətta Müdafiə Nazirliyinin mərkəzi aparatında belə yer tutur:
"Yəni hansısa bir hərbi hissənin briqada komandiri illərlə bu hərbi hissədən ora, oradan bura göndərilmir. İllər keçdikdə vəzifəsi dəyişir. Lakin çox təəssüflər olsun ki, Səfərbərlik Xidmətində bu sahədə ciddi problemlər var. Hansısa bir rayonun şöbə rəisi başqa bir rayona rəis təyin olunur və bu yerdəyişmə illərlə, həmin şəxs təqaüdə çıxana qədər davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, bölmə rəhbərinin başqa bir rayonda eyni vəzifəyə təyin olunması aşağı strukturlarda çalışan insanlar üçün arzuolunan deyil. Səfərbərlik Xidmətinin hansısa bir bölməsinin rəisi, şöbə rəisi olmaq istəyir, ancaq hazırkı reallıqda onun bu istəyinin reallaşma şansı sıfıra bərabərdir. Kütləvi halda 7 rayonun şöbə rəisini işdən çıxarıb, başqa bir rayona rəis təyin etməyin heç bir effektiv nəticəsi ola bilməz. Bəs, xidmətə cəlb olunan gənc əməkdaşlar nə vaxt nəzərə alınacaq?”
Şəymən