Bıçaqlanma olayı yalan çıxdı: " Rəşad Dağlı ilə Rüfətin arasında insident olmayıb"




Məşhur meyxanaçı Rəşad Dağlının həmkarı Rüfət Nasosnunu bıçaqladığı bildirilir. Gəzən söz-söhbətlərə görə məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra danışmağa qərar veriblər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlaması ilə nəticələnib. Deyilənə görə, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.

Meyxanaçı Rəşad Dağlı tərəfindən bıçaqlandığı deyilən həmkarı Rüfət Nasosnu ilə əlaqə yaratdıq. Yayılan məlumatı təkzib edən Rüfət Nasosnu telefonlarının susmadığını bildirdi. "Kim bu yalanı yazıb, kim məlumatı yayıb bilmirəm. Ayağımın birini kəsiblər, Gülhanədəyəm. Burada əlacımı tapa bilmirlər, gedirik Klivlentə (gülür). Bilmirəm belə yalana nə cavab verim? Xəbər yanlışdır. Quşdur da, buraxıblar. Həmin sayt zəng eləmişdi mənə, belə işlərə heyifsilənirəm. Hansısa xəbər portalıdır, istəyir təcili bir şey eləsin, xəbər yaysın. Onlara da dedim ki, verərəm səni məhkəməyə, 10-15 min alaram səndən, saytını bağlayaram. Rəşad Dağlı ilə aramızda heç bir insident baş verməyib. Yazanda bir az həqiqətə uyğun məlumat yazsınlar. Ayıbdı”.

Rəşad Dağlı ilə də əlaqə yaratdıq. "Şərq”ə danışan Rəşad Dağlı "Hazırda Bakıda deyiləm. Bilmirəm kim nə yazıb. Amma Rüfət Nasosnu ilə aramızda heç bir insident olmayıb. Olsa, bunu deyəcək qədər də cəsarətim var. 

Əgər aramızda nəsə olsaydı, deyərdim. Ötən dəfə Nicat Dağlı ilə aramızda xırda mübahisə oldu. Bunu danmıram. Amma Rüfətlə heç bir anlaşılmazlıq olmayıb. Bakıda da deyiləm, istirahətə getmişəm. Burda da rahat dincəlməyə imkan vermirlər. Mətbuata hörmətim var. Amma bəzən qeyri-peşəkar jurnalistlər reytinq xatirinə yalan məlumatlarla oxucu yığırlar. Yalanın da həddi olur. Bu, yalan da deyil, konkret ittihamdı. Yəni cinayətdi. Mətbuat az qala məni adam öldürməkdə ittiham edir. Bu nə dərəcədə doğrudu? Olmayan məsələni niyə bu qədər çirkin təqdim edirlər, onu anlaya bilmirəm”.

Tahirə