Bir faktı heç kim dana bilməz

Səudiyyə ailəsini davamlı olaraq tənqid edən tanınmış jurnalist hər kəsin gözü qarşısında konsulluğa girib və oradan çıxmayıb
Əlbəttə, Səudiyyə hakimiyyəti Qaşıqçının aradan götürülməsi üçün başqa yollar tapa bilərdi. Ancaq görünür, bunun üçün zamanları olmayıb

İngiltərədə nəşr olunan "The Times” qəzetinin Yaxın Şərq mütəxəssisi, jurnalist Riçard Spenser İstanbulda öldürüldüyü iddia edilən Camal Qaşıqçı olayı ilə bağlı Türkiyəni ittiham edən bir yazı qələmə alıb. İngiltərəli jurnalist bu məsələdə Türkiyəni ittiham edərək, konsulluğa girəndən sonra haqqında heç bir xəbər alınmayan Qaşıqçıya görə Ankaranın məsuliyyət daşıdığını deyib. Spenser qələmə aldığı yazıda belə bir ittiham səsləndirib: 

"Türkiyə, bu cinayət ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı küncə sıxışdırıb, pul qoparmaq fikrindədir”. Xatırladaq ki, Türkiyə polisi konsulluqda axtarış aparıb və binadan lazımi nümunələr götürülüb. Yaxın günlərdə aparılan təhqiqatların nəticələri açıqlanacaq. Bu arada ABŞ Prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçının öldüyünü etiraf edib. Dəlillərin bunu göstərdiyini deyən Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı vəzifəlilərinin jurnalistin ölümündə rol oynadığı sübut edilərsə, onları çox şiddətli cəzalar gözləyir. Halbuki, Amerika prezidenti bundan əvvəl Səudiyyə Ərəbistanının olayda iştirakı iddialarını rədd edirdi. Məlumata görə, Türkiyə səlahiyyətliləri ilə görüşən Mayk Pompeoya Qaşıqçının ölümü ilə bağlı səs yazısı təqdim edilib. Hələ ki, Dövlət Departamenti Pompeonun audioyazını dinlədiyini təkzib edir.

Qaşıqçı hadisəsi ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, Camal Qaşıqçının itkin düşməsi dünya gündəmini zəbt etsə də, konkret təfsilat məlum deyil:

 "Türkiyə tanınmış jurnalistin öldürüldüyünü iddia edir, lakin ABŞ ehtiyatlı davranmağı üstün tutur. Ankaranın iddiasına görə, Qaşıqçı xüsusi qəddarlıqla qətlə yetirilərək cəsədi ya parçalanıb, ya da xüsusi kimyəvi maddə vasitəsilə əridilərək yox edilib. İşgəncə olayını sübut edən səsyazmanın olduğu deyilsə də, ortada dəlil və sübutlar yoxdur. Səudiyyə rəsmiləri konsulluqda belə bir hadisənin baş verdiyini qəti şəkildə inkar edir. Lakin ortada bir fakt var və onu heç kim dana bilməz. Səudiyyə ailəsini davamlı olaraq tənqid edən tanınmış jurnalist hər kəsin gözü qarşısında konsulluğa girib və oradan çıxmayıb. Qaşıqçının aradan götürülməsi ehtimalı böyükdür. Görünür, cinayəti həyata keçirənlərin bu addımı atmaqdan başqa çıxış yolu qalmayıb. Əlbəttə, Səudiyyə hakimiyyəti Qaşıqçının aradan götürülməsi üçün başqa yollar tapa bilərdi. Ancaq görünür, bunun üçün zamanları olmayıb. Böyük ehtimalla jurnalist Səudiyyə rejimini ifşa edə biləcək informasiyalara malik olub. Ya da rejimin süqutunu gətirəcək fəaliyyət göstərib. Jurnalistin xüsusi qəddarlıqla şaqqalanması barədə yayılan məlumatlar da maraqlıdır. Bir növ ayin xarakteri daşıyan ölümlərdə cəmiyyətə xüsusi mesajlar verilir və öldürülənin fəaliyyətini davam etdirənlərə xəbərdarlıq edilir”.

Analitik bildirib ki, Qaşıqçı 2017-ci ildən Səudiyyə rejiminə qarşı ciddi yazılar yazırdı və bu ölkənin demokratikləşməsini tələb edirdi: 

"Qaşıqçının ərəb ölkələrində "məxməri inqilab” çalışmalarını sürdürdüyü üçün öldürüldüyü istisna deyil. ABŞ-ın bir qədər ehtiyatlı davranmasını tənqid edənlər Trampdan qəti və sərt mövqe gözləsələr də, hələlik buna nail ola bilmirlər. Əvvəla, Səudiyyə Ərəbistanı ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir və regionda ABŞ-ın dayağı rolunu oynayır. Digər tərəfdən, Səudiyyə rejimində bu sayaq hadisələr sensasiya kimi qiymətləndirilmir. Çünki, antidemokratik rejimdə belə hadisələr gündəlik həyat tərzidir. Səudiyyə rejiminin Şərq dünyasında Qərbin forpostu rolunu oynaması ABŞ-ı insan haqları mövzusunda susmağa məhkum edir. Budəfəki hadisə isə qudurğanlığın və cəzasızlığın son həddidir. Hesab edirəm ki, məsələlər hüquqi müstəviyə keçdikdən və sübutlar ortaya çıxdıqdan sonra Vaşinqton münasibət bildirəcək”.

İsmayıl