Bir neçə bankların bağlanacağı real görünür

Üç ildir problemlər biri-birinin üzərinə gəlir
Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir



İqtisadçı-ekspertlər 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər. Siyahıda iki kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində 2002-ci ildə yaranmış "Unibank”ın da adı çəkilir.

İqtisadçı Natiq Cəfərli isə açıqlamasında deyib ki, konkret bank adı çəkərək, onun müştərilərini narahat etmək doğru deyil. Bank sektorundakı problemlərin həll olunmadan qaldığını vurğulayan ekspertə görə, əksinə, üç ildir problemlər biri-birinin üzərinə gəlir. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. 

"Ötən il ümumiyyətlə kredit verilməsində 4 milyard manat azalma baş verdi, bank sektorunda ciddi problemlər yaşandı. Beynəlxalq reytinq agentliklərinin son açıqlamalarında Azərbaycanın zəif, problemlərin çox olduğu bankların adları yer alıb. O siyahıda "Unibank”ın da adı var. 

Deməli, həmin bankla bağlı da problemlər var. Bu il sağlamlaşdırma başa çatmasa, dövlət dəstəyilə banklarla vətəndaşlar arasında yaranan problemlər aradan qalxmasa, "çürük banklar” öz gücləri hesabına bu məsələləri həll edə bilməyəcəklər. Ona görə bu problem tezliklə öz həllini tapmalıdır”. 


N.Cəfərlinin sözlərinə görə, zəif və aktivləri aşağı, passivləri yüksək olan bankı ayaqda saxlamaqdansa, bağlamaq daha məqsədəuyğundur. Yaxud da bir neçə kiçik bankların birləşdirilməsi üçün hökumət onlara təkliflər etsin, müəyyən maliyyə güzəştləri tətbiq etsin. İqtisadçının fikrincə, 2018-ci ildə daha bir neçə bankın bağlanması barədə deyilənlər realdır. O hesab edir ki, bank sektorundakı dərinlik onun tez bir zamanda aradan qaldırılmasına imkan verməyəcək.

Digər iqtisadçı-ekspert Cəfər İbrahimli isə deyib ki, son 2 ildə banklar üçün ən ciddi problem əvvəlki illərdə verilmiş kredit portfellərinin vəziyyətinin pisləşməsi olub. Məhz bunun nəticəsində də ciddi həcmdə ehtiyatların ayrılması kapitalın azalmasına səbəb olub:

"Açıq valyuta mövqelərinə görə məzənnə fərqindən formalaşan zərər də kapital azalmasına səbəb olan amillərdən biridir. Ancaq cari ildə problemli kreditlər üzrə ayrılacaq ehtiyatların azalacağı və məzənnə dəyişməsindən əlavə zərərləri yaranmayacağı gözlənilir ki, bu da bankların rahat nəfəs almasına səbəb ola bilər. Lakin bu, problemlərin həlli anlamına gəlmir. Faktiki olaraq bankların bir hissəsinin kapital yetərsizliyi davam edir və bunu həll etməyin yolu bankların birləşməsi, mövcud səhmdarlar tərəfindən kapital qoyuluşu, problemli kreditlərin sağlamlaşdırılması, cari ildə ciddi mənfəət yaradaraq kapital tələbini bərpa etməsi kimi prioritet məsələlərdən keçir”.

C.İbrahimlinin sözlərinə görə, bank kapitalının bərpasına yeni dəstək mexanizmasının gətirilməsi, Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, kreditləşdirmə şərtlərinin yumşaldılması və s. məsələlərin sektora kömək edəcəyi gözlənilir. "Hazırkı kapital vəziyyətini qoruyan və nisbətən yaxşılaşdıran banklar üçün ciddi təklükə olmayacağını deyə bilərəm”.

Şəymən