BMT Dağlıq Qarabağa dair yeni qətnamə qəbul edəcəkmi ? - İZAH




"İnanmıram ki, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul etsin”.

Bunu Sherg.az-a BMT Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət”lə bağlı müzakirələrindən danışarkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, əsas məsələ Baş Assambleyanın fəaliyyəti dövründə iki ölkənin xarici işlər nazirlərinin görüşməsidir:

"Alxanlı hadisəsindən sonra Ermənistan danışıqlar prosesini tamam iflic vəziyyətə salmağa çalışdı. Azərbaycan tərəfi də bununla bağlı açıqlama verdi ki, Ermənistan cəbhədəki vəziyyəti bəhanə edərək, danışıqların dayandırılmasına çalışıb. Amma rəsmi Bakı görüşün baş tutmasına çalışdı ki, gedişat müzakirə obyektinə çevrilsin. Sentyabr ayında, Nyu-York şəhərində xarici işlər nazirlərinin görüşünün baş tutması üçün səy göstərilir. Bu prosesə Minsk qrupunun həmsədrləri və başqa ölkələrin nümayəndələri qatılacaqlar.

Azərbaycanın mövqeyinə xidmət edən məsələ odur ki, Ermənistan sülh danışıqlarından qondarma bəhanələrlə yayınmasın. Dəfələrlə şahid oluruq ki, erməni rəsmilər danışıqlarda bir söz danışır. İrəvana qayıtdıqda isə tamam başqa mətləbləri açıqlayırlar. Hətta düşmən Azərbaycanı hədələməkdən də çəkinmir.

Ermənistan nə deyir desin, bu, onun öz işidir. Azərbaycana İrəvanın formalaşdırdığı mövqeyin nədən ibarət olduğunu özündən eşitməkdir. Bundan sonra isə Azərbaycan öz yanaşmasını uyğun şəkildə korrektə edəcək. Bizə lazımdır ki, danışıqlar məntiqi nəticəyə çatsın, dövlətimiz həm güclü, həm zərərçəkmiş, həm də dünya nizamını qoruyan tərəf kimi lazımi addımlar atsın”.

Qeyd edək ki, "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.

Aysel Aslan