BNA-nın paytaxtda tıxacın azaldılmasına dair layihəsi effekt verəcəkmi ? - ÇƏTİNDİR !

Fərhad Eyyubov: "Kəmiyyət göstəricisi baxımından layihə önəmli ola bilər. Lakin keyfiyyət baxımından bunun hansı səviyyədə təşkil ediləcəyi sual altındadır"


"Yol hərəkətinin təşkili Bakı şəhəri üçün hər zaman problem olub”.

Bunu "Sherg.az”a Bakı Nəqliyyat Agentliyi tərəfindən yollarda tıxacın azaldılması məqsədilə həyata keçirilən layihələrə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, yol hərəkətinin təşkili üçün yollar, küçələr salınanda digər küçələrlə onlar koordinasiya olunur:

"Yəni axın həmin küçələrə buraxılır, başqa küçələrdə yüngülləşir. Hazırda Bakı şəhərində olan avtobus marşrutları, taksi daşımaları ilə məşğul olan yollardan istifadə dərəcəsində ifrat yüklənmə var. Onlardan hər biri ayrı-ayrı axına buraxmaq qabiliyyəti öyrənilməli və harada imkan varsa, xüsusi zolaq çəkilməlidir.

Avtobus marşrutları üçün xüsusi zolaqlar çəkilir. Digər yollarda həddən artıq yüklənmə olduqda tıxac əmələ gəlir. Həmin avtobus marşrutuna aid olan zolaq isə boş qalır. Ona görə, zolaqlar o yerlərdə çəkilir ki, digər zolaqlarda yüklənmə dərəcəsi az olsun. Beləliklə onların buraxma qabiliyyəti imkan verir ki, tıxac əmələ gəlməsin.

Avtobusların tıxacı yoxdur. Çünki müəyyən marşrutlarda fəaliyyət göstərən avtobusların sayına və s. görə avtobuslar bir-biri ilə tıxac əmələ gətirmir. Başqa nəqliyyat vasitələri avtobus dayanacaqdan çıxan zaman yaxud hərəkətdə olarkən avtobuslara maneçilik törədə bilər. Buna görə, dayanacaqlarda başqa nəqliyyat vasitələrinin dayanması qadağandır”.

Taksilər üçün xüsusi dayanacaqların yaradılmasına gəlincə, ekspert qeyd edib ki, bu problem on illərdir davam edir:

"Bakı şəhərinin taksiyə çox ehtiyac olan bölmələrlə az ehtiyac olan bölmələr arasında fərq olmalıdır. Yəni elə yerlər var ki, orada gərginlik çoxdur. Bu yerlər üçün taksi dayanacaqları həddindən çox olmalıdır, amma yollarımız buna imkan vermir. Bu da bir təklifdir, edə bilərlər. İndidən layihənin nəticəsi haqqında dəqiq fikir yürütmək çətindir.

Hər bir işin özünün kəmiyyət və keyfiyyət göstəriciləri var. Kəmiyyət göstəricisi baxımından layihə önəmli ola bilər. Lakin keyfiyyət baxımından bunun hansı səviyyədə təşkil ediləcəyi sual altındadır.

Düşünürəm ki, bu işləri görən zaman xüsusi üsullardan, tədqiqat metodlarından, axınlardan, nəqliyyat vasitələrinin həmin yollarda intensivlik dərəcəsindən istifadə edilə bilər”.

Aysel Aslan