Bu da bir ictimai qəzadır

“Elə bilirsiniz, ictimai nəqliyyatda bir qadın, ya da qocaya edilən təhqir, söyüş, o qəzadan az ziyanlıdır?”
“Biz bir avtoqəza törədən avara məmur oğlu axtarırıq ki, onu sensasiya edib cəmiyyəti hissə gətirib coşduraq”

Bakıda sərnişin avtobusunda xuliqanlıq hadisəsi baş verib. Xəzər rayonu Zirə qəsəbəsi ilə metronun "Koroğlu” stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 150 saylı xətt avtobusunda Sadiq adlı şəxs 26 yaşlı Aytən Məmmədovanı döyərək ona xəsarətlər yetirib. Digər sərnişinlərin müdaxiləsi ilə qızı həmin şəxsin əlindən almaq mümkün olub.

Hadisənin hansı səbəbdən baş verməsi məlum olmasa da, ictimai nəqliyyatda xoşagəlməz halların ardı-arası kəsilmək bilmir. İnsanların biri-birinə göstərdiyi aqressiyanın nədən qaynaqlandığını tapmaq müşkül məsələdi.

 Maraqlıdır, bu cür halların baş verməsi ictimaiyyət üçün nə dərəcədə təhlükəlidir?


İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist İlqar Altayın "Şərq”ə açıqlamasına görə, bir insanın, vətəndaşın başqa şəxsə qarşı cinayət qanununda göstərilən şəxsiyyət əleyhinə hansısa əməllərdən birini etməsi əslində 3 tərəfə yönələn zərbədir. 1-ci həmin şəxsə fiziki və mənəvi zərbə vurulur, 2-cisi dövlətçiliyi, onun əsas fundamentini təşkil edən qanun-qaydanı zədələyir, 3-cü və ən əsası ictimai mənfi effekt doğurur

"Belə hadisələr kütləvi şəkildə insanların əhval və ruhunu korlayır, həm də təlim-tərbiyəsi zəif, ifrat əməllərə meyilli olan və hələ bunu etməmiş gənclərə, insanlara pis nümunə olaraq pozuntulara yol açmış olur. Gördünüzmü, biz ictimai yerdə birisinə söyüş, ya şillə kimi elə-belə hesab etdiyimiz pozuntunun neçə tərəfə, neçə cür ziyan vurma təsiri var. Ona görə də sivil ölkə, cəmiyyətlərdə insan, şəxsiyyət əleyhinə pozuntu əməllərinə ağrılı yanaşılır və sərt cəzalar verilir. Niyə? Çünki insan şəxsiyyəti, mənliyi hər şeydən üstün sayılır. Dövlətə və ümumi cəmiyyətə hörmət, şəxsiyyətə və fərdə olan sabit hörmətdən ölçülür. Cəmiyyət də, hakimiyyət də, qanun keşiyində duran hüquq-mühafizə sistemi də gözəl başa düşür ki, belə hallar vətəndaşa, şəxsiyyətə, onun özəl və xüsusi həyatına, dövlətə, cəmiyyətə ziyan deməkdir. Bizim Azərbaycanda da bu mühüm məsələyə diqqət yetirilməlidir, əgər dayanıqlı, sabit, qürurlu dövlət qurmaq istəyiriksə, heç fərq etmir ki, avtobusda, küçədə, kafedə, ya başqa yerdə belə bir pozuntu baş versin. 

İstər təhqir, xəsarət, sataşma, cibgirlik, oğurluq və ya soyğunçuluq formasında hallar yaşanmasın. Xüsusilə də bu hallar uşaqlar, qocalar, qadınlar kimi zəif və zərif təbəqəyə qarşı törədildikdə sərt reaksiya verilməlidir. Fikrimcə, bizdə şəxsiyyət, fərd əleyhinə pozuntu əməllərinə qarşı qanunlar sərtləşməlidir. Vətəndaş cəmiyyəti, media orqanları, ictimai insanlar da belə hadisələrə sərt reaksiya verməlidir. Biz bir avtoqəza törədən avara məmur oğlu axtarırıq ki, onu sensasiya edib cəmiyyəti hissə gətirib coşduraq. Elə bilirsiniz, ictimai nəqliyyatda bir qadın, ya da qocaya edilən təhqir, söyüş, o qəzadan az ziyanlıdır? Bu da bir ictimai qəzadır”.

Yeganə Bayramova