Bu, əsasən reket saytların “oyun”udur

Oxuculara xəbəri verib sonra silmək jurnalistika prinsiplərinə ziddir




(əvvəli ötən sayda)

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət saytların hər hansı hadisə, şəxs və ya obyektlə bağlı dərc etdikləri yazılarının bu və ya digər səbəblərdən qısa müddətdən sonra silinməsinə etirazını bildirib. Bu halın intensiv xarakter aldığını vurğulayan həmkarımızın sözlərinə görə, qəzet kimi saytlar da dərc etdikləri materialları özündə saxlamalıdır. Ekspertə görə, əgər həmin xəbər səhv və ya böhtan xarakterlidirsə, onda KİV-in prinsiplərinə uyğun olaraq, yazı ilə bağlı təkzib verməli və ya üzrxahlıq etməlidir. Çünki yazının tamamilə silinməsi media əxlaqına zidd olmaqla yanaşı, oxuculara qarşı da hörmətsizlikdir: "Yazıların hansısa səbəblərdən saytlardan silinməsi düzgün addım deyil.

İndi kimsə iddia edə bilər ki, əgər bir yazı başdan-ayağa yalanla doludursa və onun olduğu yerdə qalması kimlərəsə zərər vurursa, silinməlidir. Razılaşmaq olar. Lakin bir məqamı da unutmamaq şərtilə. Qəzetlərdə dərc edilən yazıları istəsək belə, yox edə bilməzdik, dərc edildisə, artıq bitdi. Yalnız növbəti sayların birində üzr istəmək, təkzib vermək imkanı qalırdı. Yəni ilkin yazını silmək, yox etmək mümkün deyildi. Məntiqlə, elə bu yanaşmanın özü də ən doğrusudur. Yazı yazıldısa, yerində qalmalıdır. Əgər yanlışdırsa, yalan və böhtandırsa, jurnalistika bundan çıxış yolunu illər öncə kəşf edib axı - təkzib ver, üzrxahlıq tələb et. Bu da yetərli deyilsə, məhkəməyə müraciət et, cəza versinlər, media orqanı-jurnalist cəzanı çəksin”. Ekspert bildirib ki, günümüzdə saytlarla bağlı bu cür problem ortaya çıxanda məhkəməsiz-filansız, "görüm-baxımla” həll edirlər: "Tənqid olunan subyekt öz kanallarını işə salır və yazı bir anda yoxa çıxır. Bəs oxucuya hörmət harada qaldı? Hələ burada "reket” adlandırdığımız saytların bu haldan sui-istifadəsi də baş alıb gedir. Bilirlər ki, hansısa icra başçısını, məmuru tənqid edən yazı yayımlasalar, həmin şəxs başını ağrıtmamaq üçün "hörmət” etməyə hazır olacaq. Ona görə də bu "reket”lər daimi olaraq belə üsulla "jurnalist” fəaliyyəti göstərirlər, jurnalistika prinsiplərini ayaqlar altına atırlar”. A.Həsrət vəziyyətdən çıxış yolunu bu cür dəyərləndirib: "Bu məsələ aylardır ki, Mətbuat Şurasında müzakirə edilir. "Reket” saytlarla necə mübarizə aparmalı, artan sui-istifadənin qarşısını necə almalı və s.

Şəxsən təklifim bundan ibarətdir ki, yayımlanmış yazılar, görüntülü və səsli materiallar heç bir halda saytlardan silinə bilməz! Çıxış yolu odur ki, həmin materiallar barəsində Mətbuat Şurasının, ehtiyac olduqda isə məhkəmənin qərarı o materiallarla eyni səhifədə, həm də onların üstündə dərc edilsin. Yəni istifadəçi dünən gördüyü materialı sonradan təkrar oxumaq istəsə, boş səhifə ilə rastlaşmasın. Əksinə, həm o materialı görsün, həm də onun bir yalan-böhtan məhsulu olduğunu öyrənsin”. Tanınmış jurnalist deyib ki, istisna hal kimi bəzi materialların silinməsinə yol vermək olar: "Misal üçün, konkret şəxslə bağlı materialın təkzib və ya üzrxahlıqla birlikdə saytda qalması onun nüfuzuna xələl gətirməyə davam edirsə, bu zaman material silinə bilər. Amma yerində təkzibin, üzrxahlığın, məhkəmə qərarının dərc edilməsi şərtilə. Belə olacağı halda saytların sahibləri yazdıqlarında, paylaşdıqlarında daha məsuliyyətli davranmağa məcbur qalacaqlar. Çünki yazdıqlarını poza bilməyəcəklərini anladıqları üçün "barıtı az etməli” olacaqlar. Bu isə medianın normal və etik platformaya dönməsinə yardımçı ola bilər. Ümumi olaraq, fikrimi belə ifadə etmək istərdim. Qəzetlərdə olduğu kimi, saytlarda da dərc edilmiş materialların silinməsi imkansız hala gətirilərsə, məsuliyyət artar, daha ciddi jurnalistika inkişaf edər”.

"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli həmkarı Azər Həsrətin fikri ilə razı olduğunu deyib: "Bu tendensiya adətən xəbər yazıb, sonra silmək üçün hazırlanmış saytlarda daha çox özünü qabarıq formada göstərir. Mən bir dəfə bu məsələni gündəmə gətirmişdim. Yenə təkrar edirəm, məncə, saytlarla bağlı müəyyən işlər görülməlidir. Azərbaycanda "reket” dediyimiz jurnalistikanın özündə də kifayət qədər bacarıqlı jurnalistlər mövcuddur. Onları imkan daxilində normal maaşlarla qəzet və saytlarda işlə təmin etmək mümkündür. Yetər ki, Azərbaycanda onlayn media ilə bağlı islahatlar gücləndirilsin. O zaman bu xəbər yazıb çıxarmalar da tədricən aradan qalxacaq”.

"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı da, prinsipcə, A.Həsrətin haqlı olduğunu vurğulayıb: "İctimaiyyətə təqdim edilmiş materiallar sonradan ləğv edilməməlidir. Burada ciddi sui-istifadə halları, "reket” jurnalistikasına yarayan məqamlar var. Təbii ki, nadir istisna halların olması da mümkündür. Bir materiala düzəlişlər etmək zərurəti yarana bilər. Bunsuz mümkün deyil. Yoxsa adamın günü məhkəmələrdə keçər. Ancaq bu o demək deyil ki, bir sayt hər gün xəbər qoyub-çıxarmaqla məşğul olmalıdır. Problemin qarşısını almaq indiki dövrdə mümkün deyil. Çünki, bu, bir jurnalistlərin vicdanına, bir də onların yazı qəhrəmanı kimi seçdiyi subyektin təmizliyi ilə bağlı məsələdir. Əgər o subyekt saytda getmiş yazını çıxartdırmaq üçün əlavə "tədbirlər” görməsə, yazı sona qədər arxivlərdə qalar”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bəyan edib ki, Azər Həsrət kifayət qədər vacib məsələyə təmas edib: "Amma bu halın bütövlükdə internet media resursları üçün xarakterik olduğunu söyləmək olmaz. Şübhə yoxdur ki, bu işlə daha çox "reket” saytlar məşğul olurlar. Onlar hansısa vəzifəli şəxsi, ya da iş adamını şantaj edir, onlardan pul qoparandan sonra isə həmin materialı saytdan silirlər. Bu, jurnalist əxlaqına tamamilə zidd olan yaramaz fəaliyyətdir.

Bu cür yanaşma jurnalist əxlaqına zidd olmaqla yanaşı, həm də oxuculara qarşı hörmətsizlikdir. Əminəm ki, özünə hörmət edən heç bir sayt bu əməllə məşğul olmur. Mənim təklifim ondan ibarətdir ki, həmin saytların özlərini mətbuat aləmindən silmək lazımdır. Amma bunun dəqiq mexanizmini bilmirəm. Ümid edirəm, əlaqədar qurumlar mətbuatı nüfuzdan salan bu cür saytlara qarşı daha effektiv mübarizə aparacaqlar”.

"Yenilik.az” saytının baş redaktoru, Xanlar Xoca deyib ki, Azərbaycanda hələ ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə söz azadlığı ən yüksək səviyyədə təmin edilib. Bunun nəticəsidir ki, bəzi mətbu orqanlarda hətta Prezident haqqında belə əsassız, böhtan yazılar dərc olunur: "Amma həmin yazılara görə, heç kimə heç nə deyilmir. Lakin bəzi məmurlar var, onlar haqqında adi tənqidi yazı çıxan kimi dərhal əl-ayağa düşürlər, həmin yazını saytdan sildirməyə çalışırlar. Nə qədər təkzib verməyi təklif edirsənsə, xeyri olmur. İllərlə görmədiyin adamları tapıb minnətçi salırlar ki, həmin yazı saytdan silinsin. Halbuki heç bir qanunda belə bir tələb yoxdur. Bu mənada Azər Həsrətin mövqeyini dəstəkləyirəm. Çox vacib məsələyə toxunub və bu, müzakirə olunmalı, konkret bir qərar qəbul olunmalıdır. Əgər yazı böhtan xarakterlidirsə, heç olmasa, bu barədə Mətbuat Şurası qərar versin, yazı çıxarılanda da həmin yazının yerində MŞ-nin müvafiq qərarı dərc edilsin ki, burada filan məmur haqqında əsassız yazı dərc olunub və Şuranın müvafiq qərarı ilə həmin yazı saytdan silinib. Onda heç bir sayt istəməz ki, onun oxucusu hər gün belə rəsmi qərarlar oxusun və saytdan uzaqlaşsın. Belə olsa əsassız və böhtan xarakterli yazıların sayı da əhəmiyyətli dərəcədə azalmış olar”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov toxunulan məsələnin kifayət qədər ciddi olduğunu bildirib: "Azərbaycan mətbuatının ən ciddi problemlərindən biri odur ki, yazılan xəbərə bəzən redaksiyalar ötəri yanaşırlar. "Yazdım, ürəyim istədi sildim” anlayışı jurnalistə, jurnalistikaya yaraşmır. Təəssüflər olsun ki, bu ən çox portallarda rast gəlinən haldır. Problemin qarşısını almaq nə texniki, nə də ki, başqa formada mümkün deyil. Azər Həsrətin də vurğuladığı kimi, xəbərdə yanlışa yol verilibsə, burada düzəliş edilməli, yaxud təkzib verilməlidir. Hesab edirəm ki, bu məsələ hər bir redaksiyanın öhdəsində olan, hər redaktorun öz arşını ilə ölçülən haldır. Ümid edirəm, mətbuatımızda peşəkarlıq artdıqca, bu hallara daha az rast gəlinəcək”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb