“Bu məzunlar Fransaya pulsuz kurslara göndərilməlidir” – Ekspert





" Rus və ingilis dili ilə müqayisədə fransız dili ölkəmizdə o qədər də populyar deyil”.

Bu sözləri "Sherg.az”a açıqlamasında tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, orta və ali məktəblərdə tədris olunan hər bir xarici dil tədris planının ayrılmaz hissəsi olaraq dövlət məqsədinin həyata keçirilməsinə xidmət edir:

"Xarici dillərin tədrisi milli və bəşəri dəyərlərlə paylaşmaq, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında rol oynayacaq müstəqil bir şəxsi tərbiyə etmək kimi vacib elementləri yerinə yetirir. Azərbaycanın dünya birliyinə belə sürətlə inteqrasiya etməsi ancaq xarici dilləri bilən mütəxəsislər sayəsində mümkün ola bilər. Azərbaycanın genişlənməkdə olan beynəlxalq əlaqələri xarici dillərdə sərbəst danışa bilən kadr potensialı hazırlanmasını tələb edir.

İngilis dilinin beynəlxalq dil kimi hamı tərəfindən qəbul edilməsi başqa dillərə marağın zəifləməsi demək deyil. Fransa dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və Fransa cəmiyyətinin topladığı təcrübəni yalnız fransız dilini öyrənməklə əxz etmək olar. Ölkəmizdə fransız dilinə olan marağın artması üçün fərqlənən tələbələrə təqaüdlər ayrılmalı, ən yaxşı məzunlar isə Fransaya pulsuz kurslara göndərilməlidir. 19-cu əsrin sonlarında Bakıda əsas xarici dil kimi fransız dili xüsusi yer tutub. Bu fakt hələ o dövrdə iki xalqın mənəvi cəhətdən bir-birinə yaxın olduğunu göstərir. Eləcə də Azərbaycan Xalq Cümhuriyyət dövründə Azərbaycan müstəqil dövlət kimi öz sözünü məhz Parisdə deyə bilib. Sonrakı dövrdə Fransa Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk dövlətlərdən olub. Müasir dövrdə iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni zirvədədir”.

K.Əsədovun sözlərinə görə, Azərbaycanın 345 orta məktəbində 59947 şagird fransız dilini xarici dil kimi öyrənir, 7 ali təhsil ocağında fransız dili xarici dil kimi tədris edilir: 

"Bakı Slavyan Universitetində V.Hüqo adına fransız dili və mədəniyyəti mərkəzi, Azərbaycan Dillər Universitetinin nəzdində Fransa məlumat mərkəzi Azərbaycanda fransız dilinə və ədəbiyyatına diqqət yetirilməsinə imkan yaradır. "SABAH” qruplarında 2015-2018-ci illərdə Fransa səfirliyinin dəstəyi ilə fransız müəllimlər tərəfindən bu dil tədris edilib. Habelə 2011-ci ildə Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Bakı Fransız Liseyi uğurla fəaliyyət göstərir. Hazırda liseydə 150 şagird təhsil alır. Azərbaycan-Fransız Universitetində 400-dən çox tələbə təhsil alır. Burada hər il dövlət sifarişi ilə yerlər ayrılır. Cari tədris ilində universitetə qəbul edilmiş 160 nəfərdən 120-si dövlət sifarişi əsasında təhsil alır. Bu universitetin maddi-texniki bazası ən yüksək səviyyədə olub, müasir tələblərə cavab verir. UFAZ həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu verə bilir. İkili diplom proqramlarının tətbiqində UFAZ-ın fəaliyyəti Azərbaycan üçün bir nümunədir”.

Ekspert ölkəmizdə fransız dilinin tədrisi sahəsində əsas problemlərdən biri kimi müasir tələblərə cavab verən lüğətlərin olmamasını, tədris vəsaitlərinin qıtlığını, müəllimlərin metodik hazırlığının zəifliyini diqqətə çatdırıb: 

"Hesab edirəm ki, fransız dilində və ya bu ixtisas üzrə təhsil alan, işləyən gənc müəllimlərə və ali məktəblərin sonuncu kurs tələbələrinə xüsusi yardım göstərilməlidir”.

Yeganə Bayramova