"Bu razılaşmalar İran və Azərbaycanın maraqlarına tam cavab verir"






"Hazırda ölkəmiz İranla birlikdə müxtəlif irimiqyaslı layihələrdə iştirak edir”.

Bu barədə "Sherg.az”a İran prezidenti Həsən Ruhaninin Bakı səfərinin detallarını izah edərkən politoloq Fikrət Sadıqov bildirib. 

O diqqətə çatdırıb ki, iki ölkə arasında müxtəlif görüşlər, qarşılıqlı səfərlər həyata keçirilir:

"Sözügedən layihələr və razılaşmalar həm İranın, həm də Azərbaycanın maraqlarına tam cavab verir.

Bu dəfə Ruhaninin Azərbaycana gəlməsi iqtisadi məsələlərlə sıx bağlıdır. Belə anons da verilmişdi ki, enerji məsələləri ilə bağlı müzakirələr aparılacaq. Hətta saziş imzalanacağı da iddialar arasında idi, imzalandı da. Proqnozlara uyğun olaraq, əsas müzakirələrin bu sahədə aparılacağını düşünürəm. İki ölkə arasındakı münasibətlərin iqtisadi məsələlər və strateji təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu düşünürəm”.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri martın 28-də baş tutub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Aysel Aslan