"Bu sürücünü lap güllələsələr belə mahiyyəti olmayacaq”

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən hadisədə təqsirləndirilən Namiq Hüseynova hökm oxunub. Sürücü 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesində çıxış edən zərərçəkmiş şəxslər prokurorun tələbi ilə razı olmadıqlarını bildiriblər. Onlar qəzaya səbəb olan digər şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyiblər.
 N.Hüseynovun vəkili Şirin Atayev isə məhkəmədə ətraflı araşdırma aparılmadığını deyib. O, videogörüntülərə baxılmadığını bildirib və ədalətli qərar qəbul edilməsini istəyib. Xatırladaq ki, bu il mart ayında Namiq Hüseynovun idarə etdiyi "Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sosial şəbəkələrdə N.Hüseynova 10 il iş verilməsi ilə bağlı etirazlar səsləndirilib. Əksəriyyət vurğulayıb ki, hadisə səhlənkarlıq ucbatından baş verdiyinə görə, 6 yeniyetmənin həyatına son qoyan suçlu daha ağır formada cəzalanmalı idi.
Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas Qurban Məmmədov deyib ki, qanunvericilikdə avtoqəzalarla bağlı ciddi nöqsanlar var. Ekspertin sözlərinə görə, nəticələr eyni olsa da, qəzalar müxtəlif səbəblərdən baş verir: 
"Elə sürücü var ki, araqdan vurur, sükan arxasına keçir və gedib kimisə öldürür. Yaxud da ayıq sürücü maşını normal idarə etdiyi zaman qəfildən qarşısını mal-qara çıxır, idarəetməni itirən sürücü yoldan çıxaraq kimisə vurur. Bunların hər ikisi avtoqəza sayılır və cinayət hadisəsi kimi dəyərləndirilir. Çünki hadisənin nəticəsi eynidir. Lakin məsələ ondadır ki, sərxoş vəziyyətdə kimisə vurmaq qəsdən adam öldürmək sayılır. Bu cinayətin cəzası 20 il azadlıqdan məhrum etmədir. Hətta qəsdən adam öldürməkdən söhbət gedirsə, qırmızı işıqda keçmək belə ciddi qanun pozuntusu və cinayət hesab olunur”. 
Q.Məmmədov bildirib ki, insanlar məhkəmələrdən çox şey tələb edə bilər. Amma hakimlər qanunlar və cinayət maddələri əsasında cəza tətbiq edirlər: 
"Cəzaların ağırlaşdırılmasından və insanların ağır cəza almasından daha çox cinayətlərin başvermə səbəblərini aradan qaldırmağa çalışmalıyıq. Vaxtlı vaxtında profilaktik tədbirlər görülməlidir. Sürücünün 15-20 iş artıq alması rəhmətlikləri geri gətirməyəcək. Lap onu güllələsələr belə mahiyyəti olmayacaq”.
İsmayıl