"...Büdcəyə əlavə 1 milyard dollar gələ bilər"





"Neftin qiyməti proqnozlaşdırılandan daha yüksək olarsa, ölkəyə daha çox valyuta daxil olacaq”.

Bunu "Sherg.az”a neftin qiymətinin artmasının fonunda dövlət büdcəsinin gəlirlərinin yüksəlməsindən danışarkən, iqtisadçı -ekspert Vüqar Bayramov söyləyib. 

O vurğulayıb ki, beynəlxalq qurumlar neftin bazar qiymətinin 60 dollar ətrafında dəyişəcəyini proqnozlaşdırır:

"60 dollar olsa belə, neftin qiyməti büdcədə nəzərdə tutulandan yüksək qalır. Bu kontekstdə ölkəyə daxil olan valyutanın həcminə də təsir edəcək. Amma neftin qiymətinin hansı müddətə qədər yüksək qalacağını da proqnozlaşdırmaq olmur. Bütün hallarda 2018-ci ildə daha çox orta qiymətin 60 dollar ətrafında olmasıdır.

İlkin qiymətləndirmələrə görə, neftin qiyməti nəzərdə tutulandan yüksək olarsa, büdcəyə əlavə 1 milyard dollar gələ bilər. Vəsaitin Dövlət Neft Fondunda saxlanması da variantlardan biridir. Bütün hallarda qiymətin yüksək olması dövlət gəlirlərinin artmasına, 2018-ci ilin büdcəsinə müsbət təsir edəcək. İlin birinci yarısında qiymətlər belə qalarsa, bu ilin büdcəsinə yenidən baxıla bilər”.

Qeyd edək ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 67,69 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar artaraq 61,53 dollar olub.

Aysel Aslan