Büdcəyə yox, ciblərə gedir

Evakuasiyaya görə alınan ayrıca haqq ləğv edilməlidirEkspertlər iddia edir ki, sürücülərin hesabına hansısa şirkət varlanır
"Lider” TV-də yayımlanan "Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı tənqidi süjet müzakirələrə səbəb olub. Belə ki, verilişdə qonaq evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. Feysbuk statusunda məsələyə münasibət bildirən yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov evakuasiyaya görə alınan ayrıca haqqın ləğv edilməsini təklif edib:
"Dayanma və durma qaydalarını pozan avtomobillərin evakuasiyası, xüsusən də evakuasiya üçün alınan pulların ödənilməsi qaydası, məbləği, kimin cibinə getməsi məsələsi yeni söhbət olmasa da, aktualdır. Bununla bağlı bir neçə il əvvəl verdiyim bir təklifi təkrarlamaq istəyirəm. Evakuasiyaya görə ayrıca ödənişi ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalsın. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilsin. Bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək:
1. Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı), həm də xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu, ədalətsizlikdir.
2. Evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakuasiya olsa da, olmasa da, konkret cəriməsini ödəyəcək.
Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanunauyğun fəaliyyət göstərərlər.
Nəzərə alaq ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.
Evakuator avtomobillərinin daha çox özəl şirkətlərə məxsus olduğunu qeyd edən Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, bu sahədən əldə edilən gəlirlərin dövlət büdcəsinə heç bir faydası olmur:
 "Dövlət Yol Polisinin balansında olan avtomobillərin sayı azdır. Ona görə, bu xidmətin qanunla necə tənzimlənməsi sual doğurur. Evakuasiya xidmətindən əldə olunan gəlirlər DYP və özəl şirkət arasında necə bölünür? Məhz bu cür qeyri-şəffaflıqlar da sürücülərlə müvafiq qurum arasında ciddi narazılıq yaradırdı. Nəqliyyat vasitəsi ən yaxın avtomobil dayanacağına evakuasiya olunduğu zaman 20 manat cərimə tələb edilirdi. Bu da az məbləğ deyil. Ödənilən məbləğlə bağlı qəbzin verilməməsi də şübhələrin əsaslı olduğunu göstərir. Aydın məsələdir ki, həmin vəsaitlərin büdcəyə heç bir aidiyyəti olmur. Bu işlə məşğul olan şirkətlər külli miqdarda vəsait qazanır”.
İ.Hüseynlinin sözlərinə görə, hazırda yol polisləri dayanma və durma qaydalarına əməl etməyən avtomobillərin şəklini çəkib, mərkəzi bazaya ötürür və cərimə elektron protokol formasında sürücülərə göndərilir. "Dünyanın bir çox ölkələrində bu praktikadan istifadə olunur.
 Belarusiya kimi ölkələrdə evakuasiya xidmətindən yalnız istismar qabiliyyətini itirən avtomobillərin daşınması zamanı istifadə olunur. Hesab edirəm ki, evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək təklifi təqdirəlayiqdir. Sürücülərin vəsaitləri hesabına hansısa şirkətin varlanmasına şərait yaratmaqdan başqa bir işə yaramır. Hesab edirəm ki, yol polisi parklanma qaydasının pozulması ilə rastlaşdığı zaman avtomobilin şəklini çəkib mərkəzə ötürsün və səsgücləndirici vasitəsilə avtomobilin sahibinə səslənsin”.
Ekspert deyib ki, sürücülərin əksəriyyəti iki dəqiqəlik yol kənarında saxlanan avtomobillərin evakuasiya edilməsindən narazıdır. Uzunmüddətli işi olan sürücülər onsuz da parklanma dayanacaqlarından, qanunla icazə verilən yerlərdən istifadə edir. Kimsə aptekdə, mağazada işi olanda dayanacaq axtarmaq üçün əlavə vaxt sərf etmək istəmir və binanın qarşısında 5 dəqiqəlik saxlayır. İşini bitirib çıxanda isə artıq avtomobilinin evakuasiya edildiyini görür. Halbuki yol polisi həmin insanları çağırıb avtomobillərini oradan çəkməsini məsləhət görə bilər.
Şəymən