“Bunların nəyi pisdir, Xəyyam Mirzəzadə?”

Qəşəm Nəcəfzadə: “Hər əlinə çəkic götürən vurmağa divar gəzir”
Azərbaycanın Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə APA-ya müsahibəsində Azərbaycan Yazıçılar İttifaqı və Bəstəkarlar İttifaqı haqqında kəskin tənqidlər səsləndirib. Bu qurumları fəaliyyətsizlikdə qınayan bəstəkar onların mahiyyətini itirdiyini bildirib:
"Mən ümumiyyətlə, yaradıcı təşkilatların funksionallığını görmürəm. İttifaq adama nə verir? İstər Yazıçılar İttifaqı olsun, istər Bəstəkarlar İttifaqı, onlar öz mahiyyətini itirib. Vaxt var idi bunlar çox kömək edirdilər, yaradıcılıq söhbətləri olurdu, yeni yaranan əsərlərin notlarını köçürürdülər, ifaçılar dəvət edirdilər, bəstəkarların evində olan alətləri təmir edirdilər, yaradıcılıq evlərinə göndərirdilər. Bir sözlə, bəstəkarların həyatına müsbət təsir edirdilər. Amma indi nə edirlər? Professional təhsil almış, illərlə bəstəkarlıq və ya musiqişünaslıq oxuyan gənclərin əvəzinə özfəaliyyətlə məşğul olan bəstəkarlar və yaxud adlarını musiqişünas qoyanlar Bəstəkarlar İttifaqının üzvüdür. Bu musiqişünasların bir dənə də elmi və ya qəzet məqaləsinə mətbuatda rast gələ bilməzsiniz. Bu, mənim uydurmam deyil. Bu həqiqətdir. Belə kəlmələrlə oxucunu, dinləyicini aldatmaq olmaz. Mən bir neçə gələcəyi olan bəstəkarın adını çəkə bilərəm”.
İttihamlara cavab verən AYB-nin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə qeyd edib ki, bu, doğru yanaşma deyil. Çünki X.Mirzəzadə zəmanəyə uyğun danışmır: "Məsələn, o, sözünü deyən adam idisə, sovet hökumətinin qılıncının arxası-qabağı kəsən vaxtı da çıxıb belə təşkilatların lazımsız olduğunu bildirərdi. Məncə, yaradıcılıq təşkilatlarına ehtiyac var. Belə çıxır ki, siyasi partiyalar, orta məktəblər və universitetlər də lazım deyil. Hər bir insanın müəyyən bir təşkilatda təmsilçiliyi vacibdir. AYB-nin funksionallığına gəlincə, deyim ki, sovet hökuməti dövründə bütün şəraitlər vardı. X.Mirzəzadə kimi bəstəkarlar da bundan qidalanırdı. Bəxtəvər başına ki, X.Mirzəzadə o günləri görüb. Amma indi AYB-nin durumu ölkəmizin vəziyyətinə uyğundur. Azərbaycanın iqtisadi durumu hansı səviyyədədirsə, yaradıcılıq təşkilatları da o səviyyədə olur. Bəstəkarlar İttifaqını deyə bilmərəm, amma AYB çox böyük işlər görür. Bu qurumda "Azərbaycan”, "Ulduz” "Literaturnı Azərbaycan”, "Qobustan” jurnalları, "Ədəbiyyat” qəzeti və başqa qəzetlər dərc olunur. Bu orqanlarda yazıçılarımızın əsərləri çap edilir. Burada nə qədər adam işləyib, maaş alır və ailə dolandırır. Eyni zamanda həmin qəzet və jurnallarda çap olunan yazıçılar qonarar alırlar. Sual olunur ki, Xəyyam müəllim, bunların nəyi pisdir? Bəstəkarlar İttifaqının bu cür orqanlarının olub-olmamasını bilmirəm. Amma AYB-nin bu cür orqanları fəaliyyət göstərir. AYB-nin internet saytları mövcuddur. Orda klassiklərimizin, müasir yazıçılarımızın və regionlarımızda yaşayan yazıçılarımızın əsərləri yerləşdirilir. AYB-nin özündə nə qədər adam çalışır. Bura bağlansa, X.Mirzəzadə onlara iş verəcək? İşlə təmin edəcək? X.Mirzəzadə çox sevdiyim bəstəkarlardandır. Onun sözündə bir az naqislik var. Gərək hər şeyi dövrə, zəmanəyə uyğun, obyektiv şəkildə qiymətləndirəsən. Sənin beynin sovet təfəkküründə qalıbsa, biz neyləməliyik? Həmin təfəkkürlə indiki dövrü dəyərləndirmək olmaz”.
Q.Nəcəfzadə onu da əlavə edib ki, cəbhə hakimiyyəti məhz yaradıcılıq təşkilatlarına hücum çəkdiyi üçün uduzdu: "Bəstəkar, yazıçılar və rəssamlar ittifaqlarını, hətta akademiyanı bağlamaq istədilər. Millətinin akademikinə, aliminə, müəlliminə, yazıçısına atəş açdılar. Ona görə də, uduzdular. Yaradıcılıq təşkilatları çox böyük qurumlardır. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələn kimi bütün həmin təşkilatları maliyyə mənbəyi ilə təmin etdi. Hazırda AYB çox böyük işlər görür. Hər bir yazıçının yubileyini keçirir. Onun "Natəvan” klubu var. Mədəniyyət Nazirliyinin salonlarından istifadə olunur. Azərbaycan ədəbiyyatının xarici ölkələrə çapını, tərcümə olunmasını və xarici ölkə yazıçılarının dilimizə tərcümə olunmasını təmin edir. AYB layiqli yazıçıların Prezident təqaüdü ilə təmin olunması, onların fəxri adlar alması, mənzillə təmin olunması ilə bağlı ölkə Prezidentinə müraciətlər edir. Və bu müraciətlər yerinə yetirilir. Bunların nəyi pisdir, Xəyyam Mirzəzadə? Hər əlinə çəkic götürən vurmağa divar gəzir. Bir az obyektiv olmaq lazımdır”.
Ayyət Əhməd