Bütün Azərbaycan səfərbər olmalıdır
Ölkəmizi düşmən qüvvələrin oylağına çevirməyə imkan verməməliyik
Gəncənin icra başçısına sui-qəsd törətmiş Yunis Səfərov haqqında yeni məlumatlar üzə çıxıb. Məlum olub ki, Səfərov hazırda İranda yaşayan təxribatçı Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. Tohid İbrahimbəyli daima Azərbaycana qarşı təxribat xarakterli çıxışlarla yadda qalıb. O, İrana yaxınlığı ilə bilinən və Azərbaycanı sevməyən şəxslərdəndir.
Əvvəllər "Mübariz Ruhanilər Cəmiyyəti”nin sədri olan Tohid İbrahimbəyli 2003-cü ildə Tehranda təşkil olunan konfransda iştirak edib və ayətullah Xameneyi ilə görüşüb. İbrahimbəyli bir neçə dəfə həbs olunub. İsrail səfirliyinin qarşısında keçirilən qanunsuz etiraz aksiyasında polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 7 sutka həbsə məhkum edilib. 2011-ci ildə Gəncəyə səfər edən "ilahiyyatçı” polis tərəfindən saxlanılıb və barəsində 5 günlük həbs-qətimkan tədbiri seçilib. Səbəb isə onun polisə müqavimət göstərməsi olub. Onun əslən Lənkəran şəhərindən olan valideynləri hazırda Məşhəddə məskunlaşıblar. Araşdırmalardan aydın olub ki, T.İbrahimbəyli ətrafına yığdığı 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerinə toplayıb. 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb.
Dəməşqdə olarkən T.İbrahimbəyli onları təkcə İŞİD-lə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduğunu bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıblar. Bu qruplardan biri İbrahimbəyli ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra Məşhəd şəhərinə qayıdıblar. Bir müddətdən sonra təlim keçmək məqsədi ilə qruplaşma yenidən Suriyaya geri dönüb. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək, İrana qayıdıb. E.Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoy mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və İbrahimbəyli tərəfindən təhqir edilib. Zahidov 2018-ci ilin iyun ayında Azərbaycana gəlib. Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikallara məxsus "nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.
Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq, maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər. İstintaq zamanı məlum olub ki, Taleh Göyüşov və Tohid İbrahimbəyli, Həbib İbrahimli, Pərviz Musayev, Elmir Savadxan İranda və Suriya qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu il iyulun 10-da Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Həmin şəxslər iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.
Xarici ölkələrdə təlim keçən radikal qruplaşmalar haqqında "Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan Respublikası yerləşdiyi geo-politik mövqeyinə və təbii sərvətlərinə görə, hər zaman dünyanın diqqət mərkəzindədir. Son iki yüz illik tariximizdə baş verən hadisələr bunları deməyə əsas verir:
"Şimal və cənub qonşularımız - İran və Rusiya daxil olmaqla Böyük Britaniya, Almaniya, Fransa və Amerika kimi hərbi və iqtisadi qüdrətə malik dövlətlər iqtisadi-siyasi mühitimizə müdaxilələr etməyə çalışıblar. Bu müdaxilələr bəzən bərabər hüquqlu danışıqlara çevrilsə də, bir çox hallarda kobud müdaxilə və casus fəaliyyətləri ilə müşayiət olunub. Qarabağın işğalı da qeyd etdiyim kobud müdaxilənin nəticəsidir. Mütəmadi olaraq ölkə daxilində təxribatlar, kütləvi iğtişaşlar və terror hadisələri törətməyə çalışan qüvvələr əslində hamıya bəllidir. Son dövrlərdəki uğurlarımız onların yuxularına haram qatıb. Rusiyanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri Bakıya hər səfərlərindən sonra inkişafımız haqqında qısqanclıqla danışırlar. Bir az büdrəyən kimi sevinirlər. Mən Kremlin tanınmış ideoloqlarından olan Aleksandr Duqinin Bakıya və Qarabağa səfərlərinin nəticəsi olaraq cəbhə bölgəsində və digər sahələrdə gərginliyin yaranacağından əmin idim. Ölkənin enerji sektorunda baş verən hadisənin təxribat olduğuna əminəm. Bir enerji blokunun sıradan çıxması ilə bütün ölkənin enerji sisteminin bu həcmdə zərər görməsi mümkün deyildi.
Hesab edirəm ki, bu təxribat kiber hücum idi. Gəncədə baş verən son olaylar isə düşmənin daha aqressiv hərəkətlərə hazır olduğunu göstərdi.
Bunun ardınca Azərbaycanda yaşayan, lakin qəlbi İran və Ermənistanda döyünən xainlər yağışdan sonra artan göbələklər kimi peyda oldular”. Ekspertin sözlərinə görə, üzdə görünməyən, lakin mənbəyi bəlli olan qüvvələr xalq arasında narazılıq yaratmaq istəyirlər: "Rusiya, İran və Ermənistana məxsus və ya onlar tərəfindən maliyyələşdirilən saytlar bölgələrdəki lokal etirazları fərqli rakuslardan təqdim edərək, qızışdırıcı çağırışlar edirlər.
Təxribatçı qüvvələr din sahəsindəki boşluqlardan yararlanmağa çalışaraq, vəziyyəti gərginləşdirməyə yönəlik hərəkətlər edirlər. Hesab edirəm ki, indiki şəraitdə stabilliyi təmin etmək şərti ilə dövlət başçısının son zamanlar irəli sürdüyü tezisləri həyata keçirmək üçün bütün Azərbaycan səfərbər olmalıdır. Ölkəmizi düşmən qüvvələrinin oylağına çevirməmək və xarici düşmənlərə təxribat xarakterli həmlələr etməyə imkan verməmək üçün çalışmalıyıq”.
İsmayıl