Sosial qayğıya ehtiyacı olan insanlara şirkətlər, QHT-lər də yardım etməlidir
Azərbaycanda pensiyaçıların sayı 1 aprel 2018-ci il tarixinə 1 milyon 313 min nəfər təşkil edir. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardan ibarətdir.
Dünya təcrübəsində sosial qayğıya ehtiyacı olan insanlar üçün xüsusi layihələr hazırlanır. Maraqlıdır, xarici ölkələrin təcrübəsindən yararlanaraq Azərbaycanda pensiya alan təbəqə üçün xüsusi imkanlar yaratmaq olarmı?
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, sosial cəhətdən müdafiəyə ehtiyacı olan insanların qorunması özünü sosial dövlət adlandıran ölkələrin əsas vəzifəsidir. İqtisadçının sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin maddi durumunun yaxşılaşması üçün dövlətlə bərabər QHT-lər və müxtəlif şirkətlərin iştirakı vacibdir: "Məsələn, Skandinaviya ölkələrində və Almaniyada göstəricilər yüksəkdir. Almaniyada dövlətin elədiyi minimum yardım 900 avro sayılır və bundan başqa digər yardımlar da nəzərdə tutulur. Skandinaviya ölkələrindəki məbləğ təqribən 1400-1500 avro civarında, Norveçdə isə daha yüksəkdir. Yəni, dövlət, özəl şirkətlər və QHT-lər birgə fəaliyyət göstərirlər. Sosial vəziyyəti ağır olan insanlara yardım yükünü yalnız dövlət daşımır, sosial məsuliyyət anlayışı var, şirkətlər də burda aktiv iştirak edir. Çünki sosial məsuliyyət layihələrində iştirak edən şirkətlərin yaxşı imici formalaşır və bu, onlar üçün reklam kampaniyasına çevrilir. Onların satış həcminin, gəlirlərinin artmasına, insanların həmin şirkətin məhsullarına yönəlməsinə səbəb olur. Kompleks tədbirlər həyata keçirilməlidir ki, sosial məsuliyyət hissi yüksəlsin, sosial müdafiəyə ehtiyacı daha çox olan insanların-əngəlli şəxslərin, ailə başçılarını itirmiş və ya iş vaxtı qəzalara məruz qalmış vətəndaşların maddi durumu yaxşılaşsın. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi ciddi şəkildə diqqətdə olmalıdır. Yalnız dövlətin məsuliyyəti olmamalıdır”.
N.Cəfərli bildirib ki, ölkəmiz də dünya təcrübəsindən yararlana bilər. Məsələn, müxtəlif şirkətlərin sosial qayğıya ehtiyacı olan insanlarla bağlı layihələr həyata keçirməsi vacib amillərdəndir:
"Şirkətlərə bu tipli insanlara yardım edərkən onlara vergi güzəştləri tətbiq oluna bilər. QHT-lər də bu işdə fəal iştirak etməlidirlər. QHT-lərin dövlət strukturları ilə birgə layihələri həyata keçirməsində yarar var. Avropa ölkələrində bu çox geniş yayılıb. Minlərlə QHT var ki, sosial müdafiəyə ehtiyacı olan insanlara birbaşa yardım göstərirlər və dövlət bunu təşviq edir. Təəssüf ki, Azərbaycanda hər şeyi dövlət öz üzərinə götürməyə çalışır. Bu zaman bəzi hallarda ödənişlərin məbləği insanları qane etmir. Çox yaxşı olardı ki, baxış dəyişsin, prosesə QHT-lər və müxtəlif şirkətlər qoşulsun və dövlətlə birlikdə sosial layihələrin həyata keçirilməsi daha geniş vüsət alsın. Bu zaman sosial qayğıya ehtiyacı olan insanların gündəlik dolanmaları daha da yaxşılaşacaq”.
Yeganə Bayramova