Çarəsizlik...

Putinin Dağıstanla bağlı verdiyi qərar əslində özünümüdafiədir“İrəli sürülən korrupsiyaya qarşı mübarizə taktikası əslində regionun bütünlüklə nəzarətdən çıxması təhlükəsini göstərir”
Rusiya Prezidenti Putin tanınmış siyasətçi Vladimir Vasilyevi Dağıstana yeni rəhbər təyin edib. Respublikanın əvvəlki rəhbəri Ramazan Abdulatipov isə istefaya göndərilib. Son yüz ildə ilk dəfədir ki, Dağıstana qeyri-dağıstanlı rəhbər təyin edilib. Vasilyevin əslən azərbaycanlı olması haqda xəbərlər yayılsa da, rusiyalı ekspertlər bunun əsassız olduğunu deyiblər. Verilən məlumata görə, Vasilyevin atası qazax, anası isə rusdur.
Təyinatla bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, Dağıstanda ən yüksək posta təyin olunmuş Vasilyevin öz vəzifəsinin öhdəsindən gəlib-gəlməyəcəyi sual altındadır. Analitikin sözlərinə görə, rusiyalı ekspertlər Putinin bu addımı korrupsiya bataqlığına batmış respublikanı vəziyyətdən çıxartmaq məqsədi ilə atdığını iddia ediblər. Lakin bu iddia ilə razılaşmaq mümkün deyil: 
"Əvvəla ona görə ki, Rusiyada hakimiyyət və ümumiyyətlə dövlət-idarəçilik sistemi rüşvət və korrupsiyanın üzərində qurulub. Əgər kimisə bu ittihamla işdən atırlarsa, demək həmin kadr ya sistemə uyğunlaşa bilməyib, ya da təyin olunmuş "qaydalar çərçivəsindən” kənara çıxıb. Hazırkı durumda bu təyinat Şimali Qafqazda yaranmış vəziyyətlə bağlıdır. Çeçenistan praktikasına baxsaq, məsələ aydın olar. Ramzan Kadırovun Çeçenistana rəhbər təyin olunması Putinin ən böyük "səhvidir”. 
Qısa zaman ərzində Kadırov dağılmış respublikanı nəinki bərpa etdi, hətta iqtisadiyyatını inkişaf etdirdi. Neft gəlirlərinin bütünlüklə respublikanın büdcəsinə daxil edilməsi ilə yanaşı, mərkəzi hakimiyyətdən əlavə dotasiyalar alındı. Çeçenistan kifayət qədər möhkəmlənib. Hətta lazım gələrsə, referendum keçirərək Rusiyanın tərkibindən çıxa biləcək qədər təşkilatlanmış durumdadır. Dinc yolla müstəqillik elan etmək nümunəsini "Kataloniya” və "Kürdüstan” dünyaya göstərdi. Bu proses Şimali Qafqazın ikinci önəmli respublikası olan Dağıstanda da formalaşmağa başlayıb. Keçmiş rəhbər Abdulatipovun bölgədə kifayət qədər nüfuzlu və geniş imkanlara malik bir lider olması ikinci problemli respublikanın yaranmasına gətirib çıxara bilərdi”.
Ekspertin sözlərinə görə, irəli sürülən korrupsiyaya qarşı mübarizə taktikası əslində regionun bütünlüklə nəzarətdən çıxması təhlükəsini göstərir:
"Hər bir halda Putinin mərkəzi hakimiyyəti zəifləmiş durumdadır. Hakimiyyəti gücləndirməyə çalışan Putin daha kəskin reaksiyalarla qarşılaşa bilər. Şimali Qafqaz bölgəsindən olan insanları aşağılayan rus millətçilərinin aktivləşməsi Putinin xeyrinə deyil. Demək olar ki, hər gün sosial şəbəkələrdə yüksək çinli və sıravi rus millətçiləri bu bölgənin vətəndaşlarına qarşı təhqiramiz ifadələr işlədirlər. Bütün bu hərəkətlər çarəsizliyin əlamətidir. 
Qurban Bayramı günlərində Rusiyanın böyük şəhərlərində yüzminlərin meydanlara axışması cəmiyyətdə və hökumətdə qorxu hissi yaradıb. Putinin Dağıstanla bağlı verdiyi bu qərar əslində özünümüdafiə instinktidir. Lakin yanlış və özünü doğrultmayan addımdır. Yaxın zamanda Putin geri çəkiləcək və respublikaya yerli kökənli rəhbər təyin etməyə məcbur qalacaq”.
İsmayıl