Cəzası bitmiş insanların Sosial Adaptasiya Mərkəzlərinə cəlb edilməsi....

Elə ailələr var ki, məhkumluq həyatı yaşamış şəxsləri evə buraxmırlar



Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Bununla bağlı qərar baş nazir Artur Rasizadə tərəfindən imzalanıb.

Sosial Adaptasiya Mərkəzinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək. Ekspertlər azadlığa qovuşmuş məhkumlar, xüsusən sahibsiz və köməksiz insanlar üçün bu cür mərkəzin yaradılmasını təqdirəlayiq hesab ediblər. 

Yeni mərkəzin təsis edilməsi ilə bağlı "Şərq”ə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, cəzası bitmiş insanların Sosial Adaptasiya Mərkəzlərinə cəlb edilməsi müsbət haldır:

 "Cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərin Sosial Adaptasiya Mərkəzlərinə könüllü və ya icbari əsaslarla göndəriləcəyini dəqiq bilmərəm. Ancaq ictimai əsaslarla həyata keçirilməsi daha məqsədəuyğun olar. Bu halda həbsdən çıxmış insanlar cəmiyyətə adaptasiya olmaqda çətinlik yaşamazlar. Həmçinin, özləri üçün uyğun iş və peşə taparlar. 

Elə ailələr var ki, məhkumluq həyatı yaşamış şəxsləri evə buraxmırlar, yəni ailə onları qəbul etmir. Xüsusən, qadınlar bu məsələdə çox əziyyət çəkirlər və hara üz tutacaqlarını bilmirlər. O baxımdan belə mərkəzlərin yaradılması çox uğurlu qərardır. Hüquq müdafiəçisi olaraq bunu alqışlayırıq. 

Əgər lazımi səviyyədə işlədə bilsələr, nəticəsi yaxşı olar”. N.Cəfəroğlu xaricdə bu cür mərkəzlərin olduğunu bildirib: "ABŞ-da və əksər Avropa ölkəsində belə sosial mərkəzlər fəaliyyət göstərir. Orada məhkumların azadlığa qovuşmasına 6 ay qalmış onların sosial fəaliyyətinə, ailəsinə getməsinə şərait yaradılır. Çalışırlar ki, bu müddət ərzində məhkumlar özlərinə iş yeri tapsınlar və yeni həyat qursunlar”.

İsmayıl