"Cinayətkar var ki, 7-8 insanı qətlə yetirib, ömürlük alıb" - Onu bağışlamaq olarmı ! ?

Tahir Kərimli:"Həmin zərərçəkmişlərin yaxınları, ailəsi, ümumiyyətlə cəmiyyəti narazı salmaq olmaz. Ona görə, cəzanın 15 il müddətində saxlanması daha yaxşıdır”




"Ölüm hökmünün ləğvi ilə bağlı öhdəlik götürüldükdə peşəkar hakim olaraq, bəzi cinayətlər üzrə bu cəzanın ləğvinin əleyhinə çıxdım”.

Bunu "Sherg.az”a ömürlük azadlıqdan məhrum etmə cəzası alanların cəzasının yüngülləşdirilməsi ilə bağlı təkliflərə münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib. 

Deputat bildirib ki, 1998-ci ildə qocaları, uşaqları, insanları kütləvi şəkildə qətlə yetirən şəxslərin ölüm hökmünün ləğv edilməsi cəsarətli addımdır:


"Hazırda vəziyyət belədir ki, ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Ömürlük azadlıqdan məhrum edilən şəxslər 25 il cəza çəkdikdən sonra müəyyən şərtlərlə 15 ilədək əlavə cəza çəkib, azadlığa buraxıla bilərdi. İndi isə ölkə başçısının cəzaların humanistləşdirilməsi strategiyasına uyğun olaraq, bu 10 ilədək azaldılıb. Mən bu addımı alqışlayıram.

Lakin elə ağır cinayətlər kateqoriyası var ki, bu yumşaltma bütün maddələr üzrə olmalı deyil. Hesab edirəm ki, əvvəlki qaydasında qalsa, daha məqsədə uyğun olardı. Çünki bunun cəmiyyətdə hansı formada özünü göstərəcəyi sual altındadır. Yaddan çıxarmayaq ki, cinayətkar var ki, 7-8 insanı qətlə yetirib, ömürlük həbs cəzası alıb. Həmin zərərçəkmişlərin yaxınları, ailəsi, ümumiyyətlə cəmiyyəti narazı salmaq olmaz. Ona görə, cəzanın 15 il müddətində saxlanması daha yaxşıdır”.

Prezident İlham Əliyevin bununla bərabər digər sərəncamlara da imza atdığını xatırladan deputat bildirib ki, ümumi nəticədə cəzaların xeyli humanistləşdirilməsi tətbiq edildi:

"300-ə yaxın məcəlləyə dəyişikliklər təklif edilir ki, mütləq əksəriyyəti cəzaların yüngülləşdirilməsidir. Mən bütün bunları müsbət qiymətləndirirəm. Məsələn, başqa ölkələrdə avtoqəzalar baş verirdi. Tərəflər barışırdı, yaxud ziyan ödənilirdi, cinayət işi qaldırmağa ehtiyac qalmırdı. Bizdə isə bu, başqa cür idi.

Ölkə başçısının müraciətindən sonra ayın 20-də müzakirədən sonra inanıram ki, bu, qəbul olunacaq. Beləliklə, yüzlərlə belə iş üzrə nə cinayət işi qaldırılacaq, nə insanlar, nə də müəyyən orqanlar əziyyət çəkəcək".


Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası alanlar şərti olaraq çəkdiyi cəzadan, o cümlədən qismən və ya tamamilə əlavə cəzadan da azad edilə biləcək. Bununla bağlı  Cinayət Məcəlləsinin 76-cı (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) maddəsinin 1-ci bəndinə əlavələr təklif edilir.

Layihəyə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq, vaxtından əvvəl azad edə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad edilməsi mümkündür.

Aysel Aslan