
Cocuq Mərcanlıda həyat yenidən başlayır
Jurnalistlər orda ağac əkməyə, daş daşımağa, palçıq qatmağa hazırdır

Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı imzaladığı sərəncam məcburi köçkünlərə olan diqqət və qayğı ilə bərabər, həm də böyük qayıdışın müjdəsidir.
Ötən əsrin 1990-cı illərində Dağlıq Qarabağ münaqişəsinin başlanması nəticəsində ölkəmizdə bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. İşğal altındakı ərazilərdə yaşayış məskənləri, sosial infrastruktur, tarixi, mədəni abidələr dağıdılıb. Ölkə iqtisadiyyatına 500 milyard dollardan çox ziyan vurulub. İndiyə qədər də bu işğal prosesi davam etməkdədir. Təəssüflər olsun ki, işğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərinə, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 4 qətnaməsini heçə sayır, görməzdən gəlir. Düşmən tərəfin və onlara dəstək verən güclərin qərəzli mövqeyi 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin hüquqlarının tapdanmasına səbəb olub. Belə olan halda Azərbaycan dövləti ev-eşiyindən didərgin düşmüş insanların üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib.
Lakin bütün bunlar heç də o demək deyil ki, Azərbaycan işğal faktı ilə barışıb. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün çıxışlarında dəfələrlə bəyan edib ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməyə qadirdir. Gec-tez Şuşada, Xocalıda, Xankəndində bayrağımız dalğalanacaq. Ölkə başçısı məcburi köçkünlərlə görüşlərində bildirib ki, Silahlı Qüvvələrimizin rəşadəti hesabına Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz azad ediləcək, məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Həmin yerlərdə infrastruktur yenidən qurulacaq, vətəndaşlarımızın yaşaması üçün bütün zəruri tədbirlər görüləcək.
Aprel döyüşlərində Lələ təpə yüksəkliyinin, eləcə də digər ərazilərin düşmən tapdağından azad edilməsinin heç bir ili tamam olmamış Prezidentin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalaması Azərbaycan xalqının öz torpağına bağlılığının, Prezidentin vətəndaşlara verdiyi vədləri icra etməsinin əyani sübutudur. Dövlət başçısının mühüm qərarı bütün qaçqın və məcburi köçkünlərin, xüsusən Cəbrayıldan olan ictimaiyyət nümayəndələrinin böyük təqdirinə və sevincinə səbəb olub.
"Böyük Qayıdışla” bağlı "Şərq”ə fikirlərini bölüşən, əslən Cəbrayıldan olan gənc yazar Feyziyyə Soltanmurad Prezidentin qərarından böyük sevinc hissi duyduğunu deyib:
"Mənim əslim Cəbrayıldandır. Amma elə zənn edilməsin ki, duyduğum sevinc hissi sırf Cəbrayıllı olduğum üçündür. Tam səmimiyyətimlə deyirəm ki, Qarabağın hər bir bölgəsinin azad olunması və bərpası xəbəri məni eyni dərəcədə sevindirəcək. Çox təəssüf edirəm ki, Qarabağı və digər ətraf rayonları görmək mənə qismət olmayıb. Valideynlərim isə tərk etməyə məcbur qaldıqları doğma yurdlarını yenidən görmədən bu dünyadan köçüb getdilər. Ümid edirəm və inanıram ki, mən o torpaqları görmədən bu həyatdan getməyəcəm”.
Yazar bildirib ki, Aprel döyüşlərindən sonra, may ayında bir qrup vətənpərvər gənc yığışaraq Cəbrayıla, Cocuq Mərcanlı kəndinə gediblər:
"Biz oradan reportaj hazırladıq. Əvvəlki dönəmlərdə bunu etmək imkanımız yox idi. Çünki Cocuq Mərcanlı kəndi düşmən işğalı altında olmasa da, Lələ təpə yüksəkliyi düşmənin əlində idi. Ona görə də ora girişimizə icazə verilmirdi. İlk dəfə Cocuq Mərcanlıya ayaq basanda çox böyük qürur hissi keçirdim. Yaşadığım duyğuları heç cür izah edə bilmərəm. Əlbəttə, o cür olan tək mən deyildim, öz doğma yurdlarını görmədən ora gedən bütün gənclər eyni sevinci yaşayırdılar. Məncə, bu hissləri yaşamaq hər bir azərbaycanlının haqqıdır. Ötən gün feysbuk dostlarımdan biri yazmışdı ki, "yığışaq gedək, Cocuq Mərcanlının bərpa işlərində iştirak edək”. Bütün səmimiyyətimlə deyirəm, mən və həyat yoldaşım orada zəhmət çəkməyə, təmənnasız olaraq işləməyə hazırıq. Təki işğal altındakı torpaqlarımız qaytarılsın, orada bərpa işləri aparılsın. Mən orada ağac əkərəm, daş daşıyaram, palçıq qataram. Təki torpağın və millətin yarası sağalsın. Mənim kimi düşünən yüzlərlə, minlərlə Azərbaycan gənci var. Hər birimiz bir əsgərik, hamımızın əlində silah var. Bu silah müxtəlif cəbhələrdə, müxtəlif vasitələr ola bilər. Mən bir Qarabağ qızı kimi öhdəmə düşən hər işi görməyə qadirəm. İstənilən məsuliyyəti öz üzərimə götürməyə hazıram”.
Cəbrayıldan olan tanınmış jurnalist Seymur Verdizadə də Cocuq Mərcanlıda aparılacaq bərpa işlərini yüksək qiymətləndirib.
Onun fikrincə, bu, "Böyük Qayıdış” Planının tərkib hissəsidir: "İnanıram ki, biz təkcə Cocuq Mərcanlıya deyil, Cəbrayılın bütün kəndlərinə, o cümlədən, işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Cocuq Mərcanlıya qayıdış planının mənimçün iki mühüm əhəmiyyəti var. Birincisi, bu, Azərbaycan Ordusuna sonsuz inamın ifadəsidir. Yəni, Cocuq Mərcanlı kəndi ermənilərlə təmas xəttində yerləşsə də, yerli əhali əmindir ki, müzəffər ordumuz onların təhlükəsizliyini tam təmin edəcək.
Bu, həm də ermənilərə verilmiş bir mesajdır. Düşmən başa düşməlidir ki, Azərbaycan xalqı bir qarış torpağını da ona güzəştə getməyəcək. İkinci mühüm cəhət isə, məcburi köçkünlərin işğal edilmiş torpaqlara tərəddüdlərin tamamilə ortadan qalxmasıyla bağlıdır”.
S.Verdizadə bəyan edib ki, bəzi adamlar düşünürdülər ki, Qarabağ azad olunsa, özlərinə müəyyən şərait yaratmış köçkünlər dədə-baba torpaqlarına qayıtmaqdan imtina edəcəklər. Yaxud bu kampaniya kütləvi şəkildə reallaşmayacaq:
"Amma nə baş verdi? Təkcə Cocuq Mərcanlıdan olan məcburi köçkünlər deyil, hətta Cəbrayılın digər kəndlərindən olan köçkünlər də bu qərarı sevinclə qarşıladılar. Onlar birmənalı şəkildə bəyan etdilər ki, işğaldan azad olunmuş Böyük Mərcanlı kəndinə, o cümlədən, Cəbrayılın digər kəndlərinə qayıtmağa hazırdılar. Bu əhval-ruhiyyə məndə işğal altında olan torpaqlarımızın tezliklə geri qayıdacağına inam yaradır”.
"Həftə İçi” qəzetinin əməkdaşı, Cəbrayıllı jurnalist Naibə Qurbanova da vurğulayıb ki, bu mövzuya artıq lirik, sentimental düşüncə ilə deyil, real yanaşmaq zamanıdır:
"Geridə qalan illərdə kifayət qədər ağladıq, sızladıq, itirdiyimiz torpaqların şəninə mahnılar da qoşduq. Təbii ki, bunu mənfi qarşılamaq olmaz, çünki bu insan psixikası, ruhu ilə bağlı bir məsələdir. Amma indi əməli işə keçmək lazımdır. Çoxları işğaldan azad olunduqdan sonra o torpaqlara qayıdanların olmayacağını desə də, son bir həftə ərzində müşahidə olunan mənzərə bunun əksini sübut elədi. Artıq digər kəndlərdən olan məcburi köçkünlər də tezliklə öz yurd-yuvalarına qayıtmaq istəyir. Ümumiyyətlə, işğaldan azad olunmuş torpağa nəinki qayıtmaq, hətta qayıdışa şahidlik etməyin özü belə tarixi hadisədir. Hansı ki, o torpaqlara qayıtmaq illərin arzusu olub. Bütün dünyada oxşar hadisələr yaşanıb və bu təbii ki, adi qarşılanmayıb. Növbəti qayıdışın doğulduğum Cəbrayıl rayonunun Sədi kəndinə olmasını böyük ümidlərlə gözləyirəm”.
Tanınmış jurnalist, yazar Səfurə Çərkəzqızı deyib ki, Cocuq Mərcanlıda həyat yenidən başlayacaq, camaat illərlə həsrətdə qaldığı yurduna qayıdacaq:
"Bu, o qədər böyük xoşbəxtlikdir ki! İnanıram ki, bir gün Böyük Mərcanlı kəndində də həyat yenidən başlayacaq. Uşaqlığımı, gəncliyimi yaşadığım o yerləri yenidən görəcəm. Bilmirəm, bəlkə də, insanın ürəyi dözməz bu sevinci yaşamağa. Uzun həsrətdən sonra doğulduğun evin boş yerini, daş-kəsəyini, külünü belə görmək bəxtəvər edər insanı. Bu hissləri yaşamağı çox, lap çox istəyirəm. Bütün həsrətlilərə də arzulayıram bu bəxtəvərliyi...”
Bilik Fondunun aparıcı məsləhətçisi, yazar-jurnalist Ramilə Qurbanlı da "Qayıdışı” sevinclə qarşılayıb: "İnşallah, o gün gəlsin, Qarabağın hər qarışına (Şuşaya, Kəlbəcərə, Laçına, Ağdərəyə, Xocalıya) qayıdışı yaşamaq qismətimiz olsun. Cocuq Mərcanlıya qayıtmaq böyük qayıdışın kiçik başlanğıcı olsun”.
İsmayıl