"Çox istərdim ki, Azərbaycanın dini mühitinə yeni nəfəslər gətirilsin"

"Dini müqavimət gücünü bütünlüklə dövlətimizin müdafiəsinə və mühafizəsinə, Qarabağın işğaldan azadlığına yönəltmək lazımdır"



Parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov "Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsinin hazırlanmasının gündəmdə olduğunu deyib. Deputat bildirib ki, bu yöndə yeni qanun layihəsinin qəbul edilməsinə ehtiyac var.
Onun sözlərinə görə, mövcud qanunun qəbulundan xeyli vaxt keçib və onun tam yeniləndirilməsinə zərurət yaranıb: "Qanun layihəsi üzərində işlərə yeni başlanılıb. Orada hansı yeniliklər olacaq, hansı məqamlar nəzərdə tutulacaq, bu barədə indidən dəqiq bir söz demək olmur.
Qanun layihəsi ilkin variantda hazır olduqdan sonra bu haqda daha geniş danışmaq mümkündür. Amma bununla belə, dini etiqad azadlığı ilə bağlı yeni qanunun qəbulunu düşünürük”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli "Şərq”ə bildirib ki, yeni qanun layihəsi hazırlanarkən bəzi məqamlara diqqət yetirmək, qanuna müvafiq yenilikləri əlavə etmək lazımdır:

 "Hər zaman söyləyirik ki, Azərbaycanda həm dinlərarası, həm millətlərarası, həm də təriqətlərarası vəhdət, birlik, tolerantlıq yüksək səviyyədədir. Bəzən kimlərsə bu tolerantlıqdan sui-istifadə edərək ölkəmizə qarşı müəyyən cəhdlər göstərirlər. Düşünürəm ki, yeni qanun layihəsi hazırlanarkən Azərbaycanın dövlət maraqlarını, milli və dini vəhdətini özündə ehtiva edən addımların atılması zəruridir. 

Çünki Yaxın Şərqdə baş verən proseslərə nəzər salanda görürük ki, kimlərsə insanların dini müqavimət gücündən məharətlə istifadə edirlər. Xarici kəşfiyyat orqanlarının həmin ölkələrdə kök atmış və zamanı gəldikdə boy göstərən təxribatçı qüvvələrinin dini təriqətlərə yol açan, ölkənin parçalanmasına, vəhdətin dağılmasına rəvac verən hadisələrin şahidi olmaqdayıq. Amma əslində bunların dinə və islamın gətirdiyi qaydalara aidiyyəti yoxdur”.

C.Əzimbəyli yeni qanunla bağlı öz təklifini də bildirdi. Onun sözlərinə görə, Azərbaycanın dini və milli maraqlarına zidd hər hansı bir radikal təfəkkürə və düşüncəyə dayanan, Azərbaycan dövlətinin milli maraqlarına yönəlik qrupların və ya təşkilatların zərərsizləşdirilməsi üçün xüsusi qaydalar təsdiq olunmalıdır:

 "Çünki bizim bir dövlətimiz var. Dini müqavimət gücünü bütünlüklə dövlətimizin müdafiəsinə və mühafizəsinə, Qarabağın işğaldan azadlığına yönəltmək lazımdır. Çox istəyirəm ki, Azərbaycanın dini mühitinə yeni nəfəslər gətirilsin. Bununla bağlı prezident tərəfindən Mənəvi Dəyərlər Fondu yaradılıb. Məsələn, Dini Komitənin çəkdiyi "Vəhdət” adlı sənədli film olduqca mükəmməldir. Bu film Azərbaycanda birliyin, bərabərliyin qorunmasına ideoloji baxımdan böyük xidmətdir. İstəyirəm ki, bu cür xidmətlərin sayı çoxalsın. Unutmamalıyıq ki, ideoloji baxımdan şüurlarda baş verən inqilablar həmin ölkələrin parçalanmasına, məhvinə gətirib çıxarır. Yəni ideoloji baxımdan zəruri tədbirlər lazımdırsa, din adı altında hansısa qüvvələrin vaxtında zərərsizləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına əlavə səlahiyyətlərin verilməsi zəruridir. Çünki sonra gec ola bilər”.

Yeganə Bayramova