"Cümhuriyyətin 100 illiyinə ciddi hazırlaşmaq şərtdir" - Tarxiçi - alim





"Cümhuriyyətin 100 illiyi ilə bağlı kim nə addım atırsa, bu. bizim üçün uğurdur”.

Bunu "Sherg.az”a BMT-nin Cenevrə bölməsinin kitabxanasından Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinə aid arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsindən danışarkən tarixçi - alim Nəsiman Yaqublu deyib. 

O bildirib ki, Cümhuriyyətin 100 illiyinə ciddi hazırlaşmaq şərtdir:

"Dəfələrlə müsahiblərimdə bildirmişəm ki, bu yüzilliyə tək biz hazırlaşmırıq. Gürcüstan, Ermənistan, bəzi Şərqi Avropa ölkələri də öz dövlətlərinin 100 illik yubileyini qeyd edəcəklər. Belə desək, ilk demokratik dövlət qurmaq yarışı gedəcək. Ona görə, Cümhuriyyətin tədbirlərinə yüksək səviyyədə hazırlaşmalıyıq ki, onlardan geri qalmayaq.

Biz Şərqdə ilk demokratik dövləti quran millətik. Bu, bizim üçün böyük nailiyyətdir. 20 faizə qədər torpaqlarımız işğal altında olduğu halda AXC kimi demokratik dövlət qurmaq bacarığımızı və mədəniyyətimizi dünya dövlətlərimizə çatdırmağımız üçün imkandır. Bu baxımdan çoxlu sənəd və materialların toplanıb, ölkəyə gətirilməsi mühüm addımdır.

Mən özüm də bu istiqamətdə ciddi işlər görürəm. Hələlik proses başa çatmadığından konkret açıqlama vermək istəmirəm. Yaxın aylarda əhəmiyyətli tədbirlərlə bağlı açıqlamalar verəcəm”.

Qeyd edək ki, sözügedən sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur.

Aysel Aslan