"Tehran anlayır ki, müharibə başlasa, ictimaiyyət hökumətə təzyiqlər göstərə bilər ki, İran Azərbaycana dəstək versin. Bu zaman İran balanslaşdırılmış siyasətini itirə bilər, Azərbaycana dəstək verməli olar"
"İran ərazisində həyata keçirilən infrastruktur prosesi başa çatdıqdan sonra Şimal-Cənub Qaz Dəhlizi layihəsi tam işə düşəcək. Bu isə Azərbaycan və İran daxil olmaqla, bir çox ölkələr üçün çox əhəmiyyətli hadisədir”.
Bunu "Sherg.az”a İran Prezidenti Həsən Ruhaninin Azərbaycan səfərindən danışarkən politoloq İlqar Vəlizadə deyib.
O diqqətə çatdırıb ki, Xəzərin hüquqi statusu ilə bağlı sammitin keçirilməsində də Azərbaycan və İran danışıqlarının əhəmiyyəti böyükdür:

"Artıq demək olar, iki ölkə arasındakı ziddiyyətlər aradan qaldırılıb. Bu da imkan verir ki, hər iki ölkə Xəzərin neft yataqlarını birlikdə istismar etsin, əməkdaşlıq layihələri həyata keçirsin. Ruhaninin Azərbaycana səfərinin əsasını da bu cür iqtisadi məsələlərin razılaşdırılması təşkil edirdi.
Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığa geniş imkanlar açılıb. Bu keçirilən biznes forumunda da özünü göstərdi. Hər iki ölkənin sahibkarları ticarət, biznes əlaqələrinin genişləndirilməsində maraqlıdırlar. İndiki ticarət dövriyyəsi təxminən 250-300 milyon dollar civarındadır. Bu isə ölkələrin potensialına uyğun deyil. Hazırda yeni mexanizmlərin yaranmasından söhbət gedir. Bu işə düşdükdən sonra Azərbaycan və İran arasında ticarət dövriyyəsi də artaraq, 1 milyarda çata bilər”.
İran və Azərbaycan arasındakı siyasi sahədə münasibətlərə gəlincə, İ. Vəlizadə xatırladıb ki, İran regionda münaqişənin yaranmasının tərəfdarı deyil:
"Ona görə, H. Ruhani açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını vurğuladı. Amma İran fəal şəkildə regional layihələrə qoşulsa, münaqişənin həllində İranın marağı artacaq.
İran tərəfi anlayır ki, müharibə başlasa, ictimaiyyət hökumətə təzyiqlər göstərə bilər ki, İran Azərbaycana dəstək versin. Bu zaman İran balanslaşdırılmış siyasətini itirə bilər, hətta Azərbaycana dəstək verməli olar. Amma hələlik İranın daha çox Ermənistana yönəlik mövqe sərgilədiyini müşahidə edirik”.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı "Biz Azərbaycanın yanındayıq” şəklində fikirlər səsləndirib. Ruhani bildirib ki, İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq.
Aysel Aslan