"Dağlıq Qarabağdakı referendumla bağlı fikir bildirilmir"





"Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hadisələrdə gərginlik artıb. Buna görə xarici işlər nazirlərinin görüşü müsbət nəticələnə bilər”.

Bunu Sherg.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Münhendə Minsk Qrupunun həmsədrləri ilə baş tutacaq görüşü şərh edərkən siyasi icmalçı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Münhendəki konfransda Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi əsas mövzulardan biri kimi müzakirə olunacaq:

"Təhlükəsizlik məsələsi ilə bağlı Münhendə keçiriləcək konfransda xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. Həmsədrlərlə baş tutacaq görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da iştirak edə bilər.

Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri ilə görüşmək istəyirsə, güman ki, Ermənistan XİN rəhbəri də görüşə dəvət olunacaq”.

Bir müddət əvvəl nazirlərin görüşünün planlaşdırıldığını xatırladan A. Nağıyev ikitərəfli görüşün də baş tuta biləcəyini söyləyib:

"Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı ATƏT-in üzvlərinin münasibəti birmənalı deyil. Avropa dövlətləri ikili standartla yanaşaraq, Abxaziya və Osetiya bölgəsində referendum keçirilməsi ilə bağlı bəyanatlar səsləndirirlər. Lakin Dağlıq Qarabağda referendum istiqamətində fikir bildirilmir. Bu da ikili yanaşmadır. Çünki Abxaziya və Osetiyanı ilhaq edən Rusiyadır, bu da məsələyə diqqətin artırılmasına səbəb olur.

E. Məmmədyarovun həmin məsələni də qaldıracağını düşünürəm. Keçirilməsi nəzərdə tutulan referendum haqqında müəyyən söhbətlər ediləcək”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Eyni zamanda Ermənistan xarici işlər nazirinin də həmsədrlərlə görüşü planlaşdırılır.

Aysel Aslan