Daha xəstə ilə həkim arasında “alış-veriş” olmayacaq ?

"Səhiyyə sistemimizdə tərpənişə ehtiyac var. Ölkəmiz nə Gürcüstandan, nə də Ermənistandan geri qalır”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, Gürcüstanda səhiyyə sahəsində çoxdan islahatlar aparılıb:
"Ölkəmizdə əhalinin sağlığının zəmanətli olması və xroniki xəstəliklərin azalması üçün müəyyən dəyişikliklər edilməlidir. Səhiyyə Nazirliyi əsasən kommersiya qurumu kimi fəaliyyət göstərir. Hər zaman açıqlama vermişəm, sosial şəbəkədə statuslar paylaşmışam ki, belə səhiyyə olmur, bu cür vəziyyətdə tibb personalı yetişə bilməz. 
Ona görə də düşünürəm ki, səhiyyə sahəsində islahatlar mütləqdir. Sadəcə, yeniliklər kəşf edib alternativ idarələr qurmaq lazımdır. 
Gürcüstanın tibb modeli Şərqi Avropa ölkələrində tətbiq olunan və özünü təsdiq etmiş bir modeldir. Ölkəmizdə həmin model tətbiq oluna bilər. Bunun üçün müəyyən resurslarımız da var. Nəhayət insanlarımız bilməlidir ki, həkim işə gedəndə normal təminatı olacaq, onun xəstə ilə arasında alış-veriş olmayacaq. Bütün bunlar əhalinin, bütövlükdə səhiyyəmizin maraqlarına uyğundur.
Bir mütəxəssis olaraq nəhayət ki, səhiyyə sahəsində müəyyən tərpənişin olmasını təqdirəlayiq hesab edirəm. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaratmaqla vətəndaşlarımızın daha güvənli və rahat yaşamasımı təmin edə bilərik.
 Ona görə də səhiyyə sistemi müəyyən mənada korrupsiya arına bilər. Əhalinin dövlət səhiyyə xidmətinə etimadi artar, vətəndaş əlini cibinə salmadan dövlətin himayəsi ilə sağlığını qorumuş olar. Təbii ki, bu da millətimizin genefondunun qorunması üçün olduqca önəmli məsələdir”.
Qeyd edək ki, Nazirlər Kabineti "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərara əsasən, Elmi tədqiqat institutları, Tibbi mərkəzlər və birliklər, Stasionar müəssisələr, Ambulator-poliklinika müəssisələri, Təcili tibbi yardım müəssisələri və digər qurumlar TƏBİB-in tabeliyinə veriləcək.
Yeganə Bayramova