Çingiz Qənizadə:"Çox zaman oxuyuruq, özlərini hansısa qurumun əməkdaşı kimi təqdim edənlər insanları aldadır, sonradan məlum olur ki, heç bir sənədi yoxdur"
"Vətəndaşların hüquqi savadsızlığı onların çox hallarda dələduzluqla üzləşməsinə gətirib çıxarır”.
Bunu "Sherg.az”a dövlət qurumlarında işləyən bəzi şəxslərin vətəndaşların etibarından sui-istifadə edərək, müxtəlif vədlərlə - oğlunu - qızını işə düzəldim - vəsaitlərini mənimsəməsinə münasibət bildirərkən millət vəkili, hüquqşünas Çingiz Qənizadə deyib.
Dövlət Qulluğu haqqında qanunu xatırladan deputatın sözlərinə görə, vətəndaş işə girmək üçün imtahan verildiyini çox vaxt bilmir:
"Vətəndaş qanunu bildikdə isə düşünür ki, imtahan vermədən işə düzəlmək qeyri-mümkündür. Həmin şəxslər kiməsə pul verməkdən də çəkinir.
Amma bəzi qurumlarda imtahansız işə qəbul məsələsi qalır. Buna görə, vətəndaşlar belə yollara əl atır. Bu, mənə vaxtilə insanların Beynəlxalq Universitet kimi ali təhsil müəssisələrinə pul verib, uşaqlarını qoymasını xatırladır. Çoxları mal-qarasını satıb, gətirib şəhərdə çayxanalarda pul verirdilər ki, oğluma diplom ver. Başa düşmürlər ki, savadsız insanın həmin diploma nə ehtiyacı var. Sonra isə yüzlərlə yox, minlərlə insan bunun əziyyətini çəkdi. Həqiqətən insanlarımızda bu cür fikirlər var.
Dünyanın heç bir ölkəsində insan illərlə pul yığıb, mal-qarasını, həyat yoldaşının qızılını satıb, kimisə işə düzəltmək üçün pul vermir. Təssüf ki, bu, yalnız Azərbaycanda var”.
Ç.Qənizadə vəzifəsindən sui-istifadə edərək, dələduzluğa əl atan şəxslərə qarşı ciddi cəzaların tətbiq edildiyini vurğulayıb:
"Buna rəğmən, mənfi halların qarşısını almaq mümkün deyil. İnsanlar bu addımı atarkən, əvvəldən görmək mümkün deyil. Amma ən azından hər yoldan keçənə pul verməməlidirlər. Maraqlanmaq lazımdır ki, o kimdir, nə işlə məşğuldur? Çox zaman oxuyuruq, özlərini hansısa qurumun əməkdaşı kimi təqdim edənlər insanları aldadır, sonradan məlum olur ki, heç bir sənədi yoxdur. Heç olmasa həmin şəxsin vəsiqəsinə baxmaq, adını çəkdiyi idarə ilə əlaqə saxlayıb, orada işləyib, işləmədiyini dəqiqləşdirmək lazımdır.
Pul verən şəxslərin məlumatsızlığı, savadsızlığı bu cür şəxslərə imkan verir ki, belə cinayətlərə əl atsınlar. Bunun qarşısını almaq qeyri-mümkündür, nə qədər cəmiyyət, insanlar var, belə hallar da mövcud olacaq. Təəssüf ki, ölkəmizdə bu çoxdur”.
Belə dələduzluqların ictimai deyil, hüquqi mahiyyət daşıdığını diqqətə çatdıran deputat əlavə edib ki, bu cür də həll edilməlidir:
"Vətəndaş şikayət edir, mətbuat isə yazmağa çalışır. Bəzən bu istintaqa mane olur. Amma digər hallarda aldadılan şəxs istəsə hüquq səviyyəsində bunu həll edə bilər. Əksərən, mediaya müraciət edirlər ki, dələduzlar tapılsın. Bəzən isə heç bir şikayət etmirlər, qapısını döyüb, mübahisə edir, əl qaldırırlar. Nəticədə dələduzluqla üzləşən şəxs özü də məsuliyyətə cəlb olunur. Ona görə, ilk addımdan belə hadisələr hüquqi müstəvidə həll edilsə daha yaxşıdır”.
Aysel Aslan