Vahid Əhmədov: "Əvvəllər xaricdən gətirilən mallara görə, rüsumlar aşağı idi"
"Kərə yağının qiyməti gömrük rüsumları çox yüksək olduğuna görə bahalaşıb”.
Bunu "Sherg.az”a son bir neçə gündə kərə yağının qiymətində müşahidə oluna artımın gerçək səbəbini açıqlayarkən iqtisadçı - millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, əvvəllər xaricdən gətirilən mallara görə, rüsumlar aşağı idi:

"Lakin son vaxtlar gömrük sistemində aparılan islahatlar, ölkəyə gətirilən malların qeydə alınması təxminən 36-37 faiz yağın gömrük rüsumu bahalaşıb və ola bilər kərə yağının qiyməti qalxsın. Burada başqa səbəblər də ola bilər, lakin bu, faktdır.
Hesab edirəm ki, Azərbaycanda kərə yağı çatışmırsa, hökumət gömrük rüsumlarını aşağı salmalıdır. Biz özümüzü təmin edə bilmiriksə, xaricdən gətirilməsi üçün bir qədər şərait yaratmaq lazımdır ki, bazarda vəziyyət stabil olsun. Çünki xaricdə də yağın qiymətində artım var. Tənzimləmə üçün əsas addım rüsumun aşağı salınması olar”.
Deputat artıq Milli Məclisdə bu barədə məsələ qaldırıldığını söyləyib:
"Hökumət də bununla bağlı məşğul olur. İqtisadi İnkişaf Nazirliyi ciddi araşdırmalar və ya monitorinq aparır. Güman edirəm ki, müəyyən nəticəsi olacaq”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi rüsumların artırıldığını təkzib edib. Qurumdan bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımı gömrük orqanlarının fəaliyyəti ilə əsaslandıran və həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Aysel Aslan