Deputat şeyxin qudasını bağışlaya bilər: "...Mən səviyyədə olmayan bir adamla çəkişməni dayandırım "

Çingiz Qənizadə: "Q.Salahzadə həm aydınlıq gətirdi , həm də özünü biabır etdi"


"Qalib Salahzadə mənimlə bağlı iddialarına mətbuat vasitəsilə aydınlıq gətirdi". 

Bu barədə "Sherg.az"a millət vəkili Çingiz Qənizadə bildirib. 

Parlament üzvünün sözlərinə görə, Q.Salahzadə deputatın keçmişi haqda "keçmişi qaranlıq" ifadəsini o məqsədlə işlədib ki, o bir neçə partiyada olub və həmin siyasi təşkilatları tərk edib:

"Əəslində bununla bağlı sabah ya da birisi gün açıqlama verəcəm. Cəmi bir partiyanın üzvü olmuşam, o da "Kommunist" partiyasıdır. Xalq Cəbhəsi də partiya olmayıb. O, ictimai hərəkat idi. Hamımız da onun üzvü olmuşuq. Q. Salahzadə burada da yanlışa yol verir. Hər halda o, "keçmişi qaranlıq" ifadəsi ilə nəyi nəzərdə tutduğunu söylədi. Digər yandan o daha prokurorluqda işlədiyim zaman rüşvət almağım məsələsini daha qabartmır və deyir ki, qohumları ölüm işi ilə bağlı həbs olunublar. Belə hesab edirəm ki, biz qanuni işlər görmüşük. Yəni onun dediklərinin hamısı dalay - dalaydır. Ağlına gələni dilinə gətirir. Təbii ki, mən məhkəməyə müraciət etməli idim. Yoxsa Ç.Qənizadənin "keçmişi qaranlıqdır" ifadəsi cəmiyyətdə tanınan bir şəxs kimi bəzi adamlarda mənim haqqımda mənfi fikir formalaşdıra bilərdi. 

Düşünə bilərdilər ki, görəsən, Çingiz Qənizadənin keçmişində nə baş verib ? İndi isə Q.Salahzadə deyir ki, partiya dəyişdiyinə görə elə demişəm. Mən də hesab edirəm ki, məsələyə aydınlıq gətirilib. Ayın 12-də məhkəmənin olub - olmayacağı ilə bağlı qərarımı yaxın günlərdə açıqlayacam. Əslində istəyərdim ki, məhkəmə davam etsin, o, cəzasını alsın. Amma indi dostlar, tanışlar, bu məsələni diqqətdə saxlayan bütün insanlar bildirir ki, Q.Salahzadə həm aydınlıq gətirdi , həm də özünü biabır etdi. İndi deyirlər ki, mən səviyyədə olmayan bir adamla bu çəkişməni dayandırım. Mən də ,siz də onun nə demək istədiyini bildik".

Qeyd edək ki, millət vəkili Çingiz Qənizadə ilə şeyxin qudası, eks -deputat Qalib salahzadə arasında xeyli müddətdir ki, "söz savaşı" gedir. Tərəflər arasındakı dava məhkəməyədək uzanıb. Deputat Sabunçu Rayon Məhkəməsində Q.Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayət edib. Məhkəmə prosesi təxirə salınıb. Məhkəmə işinə sədrlik edən hakim Ziya Şirinov bunu Qalib Salahzadənin prosesə gəlməməsiylə əlaqələndirib. Proses oktyabrın 12-nə təyin olunub.

Ayyət ƏHMƏD