Deputatdan dəyərləndirmə: "AŞPA “erməni dəyirmanına su tökür" "

Adil Əliyev: "AŞPA-nın fəaliyyətini Azərbaycanı, türkü, müsəlmanı sevməyən dövlətlərin fəaliyyəti kimi qiymətləndirirəm"


"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı hesabatlarını "AŞPA sezonu” adlandırmaq olar”.

Bunu "Sherg.az”a AŞPA - nın Azərbaycan haqqında qəbul etdiyi qətnamələri şərh edərkən millət vəkili Adil Əliyev deyib.

Deputat bildirib ki, bu qurum separatçı Ermənistan tərəfindən haqqı pozulan, dəymiş ziyanı ödənilməyən, öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün edilən azərbaycan vətəndaşları barədə bir cümlə belə olsa, işlətmirlər: "

Ümumiyyətlə, AŞPA-nın fəaliyyətini Azərbaycanı, türkü, müsəlmanı sevməyən dövlətlərin fəaliyyəti kimi qiymətləndirirəm. Bu qurumun qəbul etdiyi qətnamələrə fikir verməməliyik. Çünki neçə illərdir, AŞPA-ya edilən müraciətlərimiz cavabsız qalıb.

Qaçqın və məçburi köçkün olmuş Azərbaycan vətəndaşlarının və Qarabağ icmasının bu təşkilata o qədər müraciətləri var ki. Həmin müraciətlərdə təcavüzkar Ermənistanın soydaşlarımızın haqqını tapdaması, onları işgənclərə məruz qoyması və s məsələlərdən danışılır. Bunların heç biri təmin olunmadığı halda, ermənilər bir şey olan kimi həmin təşkilata qaçırlar. 

AŞPA-nı "erməni dəyirmanına su tökən təşkilat” kimi dəyərləndirmək olar. Ona görə, təşkilatın dedi-qodularına fikir vermədən öz yolumuzu davam etməli, inkişafımızı yüksəltməli dəyərlərimizi qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatlarının təqdimatından sonra ümumi müzakirələr olub.

Aysel Aslan