Deputatdan fərqli yanaşma: "Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində “müharibə” sözünü işlətməyin !"




"Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində "müharibə” sözünü işlətməyin. Çünki müharibə iki dövlət arasında baş verir, Azərbaycan isə heç bir ölkə ilə müharibə aparmır. Biz sadəcə, öz torpaqlarımızı terrorçulardan təmizləməyə çalışırıq”.

Bunu "Sherg.az”a millət vəkili Aqil Abbas söyləyib. 

O vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində dövlətlər öz ərazilərini hərbi əməliyyatlarla terrorçulardan təmizləyir:

"Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm Dağlıq Qarabağ, həm də əlavə 14 rayonumuz işğal altındadır. Ona görə, Azərbaycanın da antiterror əməliyyatları həyata keçirərək, öz ərazilərini təmizləməyə haqqı var. 

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanın mövqeyini müdafiə edirlər. Amma anlamaq lazımdır ki, Azərbaycan Ermənistan ərazilərinə göz dikməyib, sadəcə öz torpaqlarını terrorçulardan təmizləməyə çalışır. Biz Ermənistana güllə atmırıq, sərhədi keçmirik, bu, müharibə deyil.

Azərbaycanın keçirdiyi hərbi paradda və təlimlərdə ordusunun hərbi gücünü nümayiş etdirdi. Bu addımlar Ermənistan cəmiyyətində təbii olaraq təşviş yaradır. Bir müddət əvvəl ölkə başçısı, prezident İlham Əliyev düşmənə əhəmiyyətli mesaj ünvanladı. Prezident bildirdi ki, Ermənistan əsgəri ölmək istəmirsə, torpaqlarımızdan çıxmalıdır. Erməni analar da öz övladlarının Dağlıq Qarabağda ölməsinə razı deyil. Ona görə, Ermənistan cəmiyyətində etirazlar səngimək bilmir”.

Qeyd edək ki, Azərbaycanın iyunun 26-da hərbi parad keçirməsi, iyulun 2-dən 6-dək genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistan cəmiyyətində xaotik durum yaradıb. Artıq düşmən mətbuatı da ermənilərin Azərbaycan ordusunun gücündən narahat olduğunu gizlədə bilmir.

Aysel Aslan