“Dillə bağlı “Nitq Akademiyası” yaradılmalıdır”

Cəlalə Nəzəroğlu: “Məsələ təkcə qüsurlu tələffüz deyil, həm də söz yığını və boş danışmaqdır”


Bir neçə gündür Azərbaycan dilinin kütləvi informasiya vasitələrində düzgün istifadəsi ilə bağlı geniş müzakirələr aparılır, mediada çoxsaylı məqalələr dərc olunur. Televiziya və radio aparıcılarının qüsurlu danışdığını, çoxlu xətalara yol verdiklərini əsas gətirən dilçi-alimlər problemin həlli istiqamətində müxtəlif çıxış yolları göstərirlər. Eyni zamanda müəyyən cəzaların tətbiq edilməsi və əlavə kursların təşkil olunması kimi təkliflər irəli sürürlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan ASAN Radionun aparıcısı, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu deyib ki, hansısa məsələdən saatlarla danışa bilərik, yüzlərlə təklif verə bilərik. Amma işə ən azından birinin reallaşması ilə başlamaq lazımdır. Həm aparıcı, həm də dilin qorunması ilə bağlı müəllimlik edən mütəxəssis deyib ki, məsələ zənn etdiyimiz qədər kiçikmiqyaslı deyil: 

"Düzdür, dili ən çox nümayiş etdirən tərəf olaraq hər bir media qurumunun borcudur ki, peşəkarlarla işləsin. Aparıcının normal danışa bilməməsi, intellektual və dil imkanlarının kasad olması bir tibb bacısının inyeksiya edə bilməməsinə bənzəyir. Bu, şablon halına gəlsə də, tam səmimi deyirəm: mən yerli kanallara baxmıram. Məsələ təkcə qüsurlu tələffüz deyil. Məsələ söz yığını və boş danışmaqdır. Dillə bağlı problemə bir qədər yüksəkdən baxsaq, qarşımızda daha aydın mənzərə yaranacaq. Bu ölkədə qüsurlu nitqi olan təkcə aparıcılar deyil ki! Peşəsindən, statusundan asılı olmayaraq, çox adam səlis danışa bilməməkdən əziyyət çəkir. Qızıl kimi beyni olan gənclərimiz özlərini ifadə edə bilmədiyi üçün doğru-dürüst karyera qura bilmirlər. Bundan ötrü də başqalarını günahlandırırlar. Bu iş pərakəndə halda ola bilməz. Ali məktəblərdə bəzi fakültələrdə "Nitq mədəniyyəti” fənni tədris olunur. Bəs tədris edənlər kimlərdir? Hamısı səlis danışa bilirmi? Təəssüf ki, yox... O fənni tədris edən müəllimlər spesifik olmalıdır. Təkcə qaramatikanı bilmək kifayət etmir. 

Hətta dilin qramatik qanunlarını əzbər bilən, amma yenə də maraqsız, solğun danışan, işini, bacarığını ifadə edə bilməyən minlərlə insan var”. Aparıcının sözlərinə görə, Rusiyada, Türkiyədə və başqa bir çox ölkədə məhz nitqlə bağlı ayrıca fakültələr, akademiyalar var: 

"Orada mütəxəssis yetişdirirlər. Sonra onlar müxtəlif təhsil ocaqlarında nitq müəllimi kimi fəaliyyət göstərirlər. Təkcə nəzəriyyə kimə lazımdır? Fənni tələbəyə, şagirdə sevdirməliyik. Yeni nəfəs, yeni proqram olmalıdır. Ötən il BDU-nun Jurnalistika fakültəsində "Nitq mədəniyyətinin əsasları” fənninin proqramında təqdirəlayiq yeniliklər tətbiq olundu. Biz tələbələrin ağız aparatı, səs telləri, düzgün nəfəs alması üçün ağciyərləri, tələffüz qüsurları, bədən dili ilə işlədik. O qədər xoşlarına gəldi, o qədər maraqla qarşılandı ki! Amma yenə də azdır. Hamını əhatə edə bilmərik. Təsəvvür edin, son 2-3 ildə müxtəlif sahələrdə uzun illər fəaliyyət göstərən insanlar yenidən nitq təlimlərinə qoşulmağın vacibliyini dərindən dərk edirlər. Yaşından, sosial statusundan asılı olmayaraq, insanlar bilirlər ki, özünü ifadə edə bilməmək kabus kimi onların yaxasından əl çəkməyəcək”. Diksiya mütəxəssisi təəssüflə bildirib ki, "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda çıxış etmək imkanı olmayıb: "Səsimi aidiyyəti qurumlara, şəxslərə çatdırmağı çox istərdim.

 "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 5 illiyi tamam oldu. Bu möhtəşəm proqramın yekunu olaraq "Nitq Akademiyası”nın yaradılması, burada mütəxəssislərin yetişdirilməsi, orta və ali məktəblərdə hər cür nitq probleminin aradan qaldırılması nə gözəl olardı! Bundan başqa, həmin akademiyada gənclər ödənişsiz təlimlərdən yararlana, ünsiyyət bacarıqlarını inkişaf etdirə bilərlər. Bizim özəl olaraq təşkil etdiyimiz kurslarda imkanlar məhduddur və hər kəsin müəyyən məbləği ödəyib iştirak etməyə imkanı olmur. Artıq Azərbaycanda bu, xüsusi zərurətə çevrilib”. C.Nəzəroğlu bəyan edib ki, bir çox şagird, tələbə, müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərimiz Azərbaycan dilində səlis danışa bilmirlər: "Mən sizə mütəxəssis kimi deyə bilərəm ki, hər 10 adamdan yalnız 1-2 nəfər bu dili normal bilir və qüsursuz fikrini ifadə edir. İlk addım atılmalı, sistemləşdirilmiş və xarici ölkələrdə effekt verən proqramlar tətbiq olunmalıdır. Kəlmənin gücünə inanmaq lazımdır.

 Doğru, səlis danışıq insanları xoşbəxt edir. Daha çox uğur qazanırlar, ünsiyyətdə toqquşmalardan qaçırlar, "dil bəlası”na az düşürlər. İnsanların maariflənməyə ehtiyacı var. ASAN Radioda müəllifi olduğum "Ana dili” adlı buraxılışımız var. Orada səsləndirdiyimiz fikirlər o qədər maraqla qarşılanır ki! Demək ki, öyrənmək istəyirlər. Misal üçün, hər 10 adamdan 9-nun səhv dediyi sözlərə baxın: "Çatışmamazlıq” (çatışmazlıq), "Narahatçılıq (narahatlıq), "Lahiyə” (layihə) və sair. Çox ümid edirəm ki, bu məsələ yüksək səviyyədə müzakirə olunacaq və məsələ aktuallaşdırılacaq”.

İsmayıl