Nizami Cəfərov: "Narahatlığa əsas yoxdur. Bütün məsələlərdə olduğu kimi adqoymada da güclü ictimai rəy var və bu, balans yaradır"
"Uşaqlara adın qoyulmasında müəyyən dəb və ictimai maraqlar əsas götürülür. Onun qarşısını almağa xüsusi ehtiyac yoxdur”.
Bunu "Sherg.az”a Azərbaycanda yeni doğulan körpələrə daha çox dini adların qoyulmasına münasibət bildirərkən filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərov deyib.
O xatırladıb ki, bir dönəm Aydan, Aytən, Ayxan tipli adlar da həddən çox qoyuldu:
"Həmin adları daşıyanlar o qədər də çoxdur ki, bu gün də universitet auditoriyasında eyni adda 8-10 nəfər tapmaq olur. O zaman da narahatlıq keçirdik, çünki eyni adların qoyulması yaxşı deyil. Azərbaycanda şəxs adlarının zənginliyi var. Lakin indi daha çox müsəlman, ərəb mənşəli adlar uşaqlara qoyulur. Əslində buna dövr kimi baxmaq lazımdır, xüsusi etiraz edilməməlidir. Cəmiyyətin hazırkı maraqları odur və həmin adlar bir növ milliləşib. Ümumi meyl ad zənginliyinə göstərilməlidir. Sadəcə övladlarımıza elə adlar seçməliyik ki, estetik, müasir tələblərə cavab versin. Müsəlman adları da bu tələblərə cavab verir. Bunun qarşısını alıb, həddindən çox yayılan adların qoyulması da düzgün olmazdı.
Əslində dini adların artması kimlərdəsə narahatlıq yaradır, amma buna ehtiyac yoxdur. Düşünürəm ki, o biri adlar da normaldır. Türk mənşəli adlar da qoyulmalıdır, onlar türk kökləri əsasında sonradan yaradılıb. Hər ikisi işlənməlidir. Hətta Avropa mənşəli adların da işlənməsinə etiraz etməmək lazımdır. Bütün hallarda, indi uşaqlara qoyulan müxtəlif mənşəli adlarda tarazlıq var. Narahatlığa əsas yoxdur. Bütün məsələlərdə olduğu kimi adqoymada da güclü ictimai rəy var və bu, balans yaradır”.
Qeyd edək ki, bu ilin 9 ayında doğulan körpələrə yenə də ən çox Yusif (2212) və Zəhra (2054) adları verilib. Daha çox verilən adlar arasında Nuray (1652), Hüseyn (1472), Əli (1603), Fatimə (1125), Zeynəb (1203), Aylin (1148), Ömər (1225), Məhəmməd (1090), Ayan (831), Murad (968), Məryəm (1217), Mələk (1106), Xədicə (682), Ayxan (829), Mədinə (706), Uğur (1149), Dəniz (1096), Leyla (666), Gülay (561), İbrahim (661), Tunar (685), Fidan (510), Kənan (499), Səma (602), Nihad (471), Nəzrin (445), Yağmur (468), Həsən (450), Ümid (555), Fərid (433), İnci (572) kimi adlar yer alıb.
Aysel Aslan