DİQQƏT: Kurslarda deyil, tibb məktəblərində təhsil alın !

Adil Qeybulla: "Tibb kurslarının verdiyi sertifikatlarla işləmək çətindir"


"Tibbi biliklər verən xüsusi tibb kurslarının sənədlərini Təhsil Nazirliyi təsdiqləmir”.

Bunu "Sherg.az”a ölkədə fəaliyyət göstərən tibb kurslarının keyfiyyəti və etibarlılığı haqqında danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, həmin diplomlar qanuni sayılmır:

"Əslində bu gün ölkənin bütün rayonlarında tibb məktəbləri yetərli sayda kadrlar hazırlaya bilir. Başqa tibb müəssisəsinə ehtiyac yoxdur. Özəl tibbi tədrisdən söhbət gedirsə, həmin məktəblər yüksək səviyyəyə cavab verən tibbi təhsil təşkil etməlidirlər. Nəticədə Səhiyyə və Təhsil Nazirliyi tərəfindən sertifikat almalıdırlar. Sertifikatı olmayan məktəblərdə oxumaq isə ümumiyyətlə, mənasızdır və vaxt itkisindən başqa bir şey deyil”.

Tibb kurslarının sənədlərini alan şəxslərin harada işləməsinə gəlincə, professor söyləyib ki, bu sertifikatlarla işləmək çətindir:

"Əvvəllər tibb kurslarının sənədləri hesabına müxtəlif tibb müəssisələrində iş tapırdılar. Hazırda isə həmin sənədlər qanuni hesab edilmədiyindən haradasa işləmək çətindir. Bu məsələyə ciddi nəzarət var. Kadrların hamısı vergiyə, sosial müdafiəyə görə qeydiyyatda olurlar. Nəticədə hər adi sertifikatla iş tapmaq mümkün olmur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi həmin kurslara lisenziya vermir. Beləliklə, tibb kursları bitirənlər tibb işçisi kimi çalışa bilməzlər.

Aysel Aslan