"Kiminsə həyatını itirməsini 10 -15 gün əvvəl onunla bağlı yayılan video-reportaja bağlamaq doğru deyil”.
Bunu Sherg.az-a ATV-də jurnalisti Azər İsmayılovun təqdimatında efirə gedən "Yoxlama” verilişində tənqid olunan 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun vəfatı ilə bağlı məsələyə münasibət bildirərkən hüquqşünas Ələsgər Məmmədli deyib.
O bildirib ki, sırf jurnalist bu məsələni ictimailəşdirib deyə həmin direktor ölübsə, deməli ortada ağır bir suçlama var:
"Jurnalistin ictimai əhəmiyyətli məsələni yayması təbii haldır. Həmin şəxs bununla bağlı narahatlıq keçirir, reportajda böhtan, yalan olduğunu iddia edirsə və bu ittihamlar şəxsə mənəvi cəhətdən əzab verirsə, o bunu məhkəmə ilə həll edib, jurnalisti bu aspektdən günahlandıra bilərdi. Məncə, həmkarlarımız hörmətlə yanaşıb, bu məsələni bir-biri ilə əlaqələndirməsələr daha yaxşı olar.
İkinci məqam odur ki, hüquq-mühafizə orqanları araşdırma aparacaq və direktorun ölüm səbəbini tapacaqlar. Onun dünyasını qəbul etdiyi dərmanlardan, təzyiqin yüksəlməsindən və başqa səbəblərdən dəyişibsə,bu, konkretləşdiriləcək. Amma bunun jurnalistin fəaliyyəti ilə əlaqələndirmək üçün çox ciddi faktlar olmalıdır. Əsaslar olmadan həmin iki hadisəni eyni xətt içərisində göstərmək yanlış olar”.
Ə. Məmmədlinin sözlərinə görə, həmin reportajı hazırlayan jurnalist öz işini görməli, informasiya hazırlayıb, təqdim etməlidir:
"O, cəmiyyət üçün aktual mövzuda operativ, ətraflı araşdırmalar aparırsa, heç vaxt qərəzli olmamalıdır. Jurnalist öz mövqeyinə də diqqət etməlidir ki, ittihamçı kimi çıxış etməsin. Düşünürəm ki, aidiyyatı qurumlar monitorinqlərində bu nöqsanları ortaya çıxara bilər. Verilişin hər bir dəqiqəsini, saniyəsini monitorinq etmədən onun hansı hissəsinin, necə qüsurlu olduğunu və ya qüsurlu olmadığını deməyimiz doğru deyil. Çünki bu ciddi araşdırma tələb edən məqamdır. Amma ictimai əhəmiyyət daşıyan müxtəlif mövzu jurnalistin araşdırma mövzusu olub, obyektivlərinə tuşlana bilər. Həmin şəxslər də buna görə narahat olmamalıdır, problem yaranarsa, aradan qaldırılmasına yönəldilməlidir. Ümumilikdə isə "jurnalist bunu işıqlandırmamalı idi” - demək, problemi gizlətmək media prinsiplərinə ziddir”.
Qeyd edək ki, ATV-dəki "Yoxlama” verilişi ilə gündəmə gələn 171 saylı orta məktəbin direktoru Telman Qardaşov vəfat edib. Məlumata görə, sözügedən veriliş efirdə yayımlanandan sonra T. Qardaşovun səhhəti pisləşməyə başlayıb, o ürək və təzyiq dərmanları qəbul edirmiş.
Aysel Aslan