Dolların növbəti dəfə bahalaşması ehtimalı yüksəkdir - DEKABRDA

Vüqar Bayramov:"Əslində isə idxalın artması, Azərbaycanda dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi səbəbindən dollara tələb artacaq"
"Son açıqlamalar göstərir ki, həqiqətən FED-in uçot dərəcəsini artırması ehtimalı yüksəkdir”.
Bunu "Sherg.az”a ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellenin uçot dərəcəsinin artırılması ilə bağlı açıqlamalarını şərh edərkən iqtisadçı - ekspert Vüqar Bayramov deyib. 
O bildirib ki, dekabr ayına qədər FED rəhbərinin qərarı dəyişə bilər:
"FED-in özünün yaydığı məlumatlara nəzər salsaq, qurum faiz dərəcəsinin artırılmasında maraqlıdır. Buna baxmayaraq, dekabr ayında keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağı sual altındadır.
Bütün hallarda dekabr ayında Azərbaycanda dollara tələbatın artacağı proqnozlaşdırılır. Bu, yalnız FED-in qərarından asılı deyil. Qurumun qərarı əslində bazara psixoloji təsir göstərir. Əslində isə idxalın artması, Azərbaycanda dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi səbəbindən dollara tələb artacaq.
Bunun manatın məzənnəsinə necə təsir göstərməsi isə Mərkəzi Bankın qərarından asılı olacaq. Mərkəzi Bankın mövqeyinə uyğun, manatın məzənnəsi dəyişəcək. Məzənnəni proqnozlaşdırmaq hələlik mümkün deyil. Lakin istənilən halda dekabr ayında dollara tələb artacaq”.
Qeyd edək ki, C. Yellenin sözlərinə görə, rəhbərlik etdiyi qurum bu aydan etibarən 4,5 trln. dollar həcmində olan balansın azaldılmasına (ayda 10 mlrd. dollar) başlayacaq. O bildirib ki, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək və FED rəhbərliyi buna müsbət baxır. Buna baxmayaraq, C. Yellen 12-13 dekabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair siqnal verməyib.
Aysel Aslan