“Dolu” ermənilərin yerini dar edib

Aqil Abbas: “Bunu filmin yaradıcı heyətinə yazılan söyüşlərdən bilirəm”
“Film 5 il idi ki, çəkilmişdi. Onu kanaldan götürmək indi ağıllarına gəldi?”



Qarabağ müharibəsindən bəhs edən, ən çox izlənilən və haqqında çoxlu şərhlər yazılan "Dolu” filmi "Youtube” kanalından qaldırılıb. "TiVi Media” adlı qurum səbəb olaraq göstərib ki, müəllif hüququ pozulduğu üçün film kanalda yerləşdirilə bilməz.

Qeyd edək ki, film 2012-ci ildə millət vəkili, əməkdar jurnalist Aqil Abbasın eyniadlı romanı əsasında çəkilib. Yəni, artıq 5 ildir ki, "Youtube” kanalında olan filmi izləmədən qaldırmaq görünür, "TiVi Media”nın ağlına yeni gəlib. Səbəb olaraq hər nə qədər müəllif hüquqlarının pozulduğu deyilsə də, burda başqa məqamların olduğu göz qabağındadır. Təbii ki, "Dolu” erməniləri narahat edir, lakin filmin bizlərdən kimin gözünə "batdığını” bilmirik. 

"Yotube” kanalında bütün Azərbaycan filmləri yerləşdirildiyi halda, "Dolu”nun qadağan edilməsinə səbəb nədir?

Millət vəkili Aqil Abbas filmin qadağan olunması ilə bağlı fikirlərini "Şərq”lə bölüşüb. Deputat filmin kanaldan qaldırılması səbəbini başa düşmədiyini deyib. Onun sözlərinə görə, müəllif hüququnun pozulması ilə bağlı iddialar absurddur: "Film 5 il idi ki, çəkilmişdi. Onu kanaldan götürmək indi ağıllarına gəldi? Bütün Azərbaycan filmləri qaldı, qadağa yalnız "Dolu” filminə tətbiq olundu. Bu nə deməkdir axı?

Mədəniyyət və Turizm Nazirliyi bu məsələni, ümumiyyətlə, "TiVi Media” adlı qurumun nədən ibarət olduğunu araşdırmalıdır. Film 322.000 dəfə izlənilib və 600-ə yaxın şərh yazılıb. 78 nəfər isə filmi bəyənməmişdi. Təbii ki, bu 78 nəfərin çoxu erməni idi. Bəlkə Azərbaycan soyadı olanlar da varıydı. "Dolu”nun ermənilərin yerini dar etdiyi məlumdur. Bunu filmin yaradıcı heyətinə yazılan söyüşlərdən bilirəm. Mənə maraqlıdır ki, filmi niyə götürdülər? Bunu araşdırmaq gücüm yoxdu. Bilmirəm "TiVi Media” kimdi və nə işlə məşğuldur. Filmin hüquqları Mədəniyyət və Turizm Nazirliyinə və C.Cabbarlı adına Kinostudiyaya məxsusdur. Yalnız Mədəniyyət Nazirliyi və ya Kinostudiya müəllif hüququ tələb edə bilər. Filmi qaldıranda isə səbəb göstərilməlidir.

 Bu film 5 ildə dünyanı "gəzib”. Macarıstan, Ukrayna, Kipr, Türkiyə, Gürcüstan və Rusiyanın bir çox şəhərlərində dəfələrlə təqdimat mərasimi keçirilib. Türkiyənin 10-a qədər şəhərində filmin təqdimatı olub. Lakin "Dolu” filmi festivallara göndərilmir. Səbəb müharibə janrında olmasıdır. Başqa bir səbəb yoxdur, adətən festivallara savaş filmlərini götürmürlər. Hətta qardaş Türkiyədə belə savaş filmlərinin festivalları keçirilmir. Film bu günə kimi bəlkə 100 dəfə Azərbaycan telekanallarında göstərilib və demək olar ki, hamı bəyənib. Bəs, indi necə oldu ki, filmin birdən-birə müəllif hüququ pozuldu və belə bir münasibət yarandı?”.

Deputatın fikrincə, ola bilsin ki, Mədəniyyət və Turizm Nazirliyi filmin yenidən kanalda yerləşdirilməsinə nail olsun. Lakin filmin 322.000 izləmə olan variantı götürülən zaman yazılan bütün şərhlər də silinib. A.Abbasın sözlərinə görə, film yenidən yerləşəcəyi təqdirdə yazılan şərhlərin bərpa olunub-olunmayacağı sual altındadır: 

"Filmin 283 izləyicisi olan variantı isə kanaldan götürülməyib. Əgər silinən film yenidən bərpa olsa, izləmə sayı daha 322.000 olmayacaq. Ən əsası film haqqında ürəyi dolu olan insanların, şəhid ailələrinin yazdığı şərhlər itir. Türkiyə, Rusiya və digər ölkələrdən film haqqında yazılmış gözəl sözlər yoxa çıxıb. Şərhləri necə bərpa edəcəklər bilmirəm, bunlardan anlayışım yoxdur”.

Yeganə Bayramova