"...Dördtərəfli format pozula bilər”






"Suriya ilə bağlı bütün razılaşmalar Türkiyə, Rusiya və İranın iştirakı ilə baş tutur”.

Bunu "Sherg.az”a Türkiyənin Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağırmasından danışarkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, bu məsləhətləşmələr olmasaydı Astanada üç dövlətin Suriya dövləti ilə danışıqları da baş tutmazdı:

"Həmin danışıqlar əsnasında Suriya, Türkiyə, İran və Rusiya arasında təhlükəsizlik zonaları, sərhədlərlə bağlı məsələlər müzakirə edilib. Hazırkı vəziyyətdə, tərəflərin biri razılaşdırmaları pozub. Ona görə, adekvat tədbirlərin görülməsi önə çıxır. Türkiyə tərəfinin digər iki müttəfiqi ilə məsləhətləşməsinin səbəbi də Suriyanın razılaşmanı pozmasıdır.

Hazırda ortaya çıxan problemlər kökündən tənzimlənməsə, Astana danışıqları, müəyyənləşdirilmiş formatın fəaliyyəti dayandırıla bilər. Bu isə acınacaqlı nəticələrə gətirib çıxarar.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri baş tutdu. Görüşlərdə Suriya məsələsi müzakirə olunarkən, Türkiyə prezidenti qeyd etdi ki, Bəşər Əsədin hakimiyyətdə qalmasında maraqlı deyil. Düşünürəm ki, təhlükəsizlik sərhədlərinin pozulması ilə sözügedən açıqlamanın birbaşa əlaqəsi var. Bu addım Suriyanın Ərdoğana açıq mesajıdır. Bu mesaj onu göstərir ki, Türkiyə birtərəfli olaraq, məlum siyasəti əsas götürsə, dördtərəfli format pozula bilər”.

Qeyd edək ki, məlumata görə, Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edib. Xatırladaq ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.

Aysel Aslan