"Jurnalistika baş verən informasiya ilə bağlı rəsmi mənbəyə söykənməli, məlumatı tam araşdırdıqdan sonra ictimaiyyətə təqdim etməlidir. Rəsmi qurumlar isə baş verən olayla bağlı medianı vaxtında, operativ məlumatlandırma
"Ölkə ərazisinin elektrik enerjisi ilə təmin olunmasında yaranan problem və Gəncə şəhərinin icra başçısının güllənməsi fonunda mətbuatda dezinformasiyalar yayımlandı. Təəssüf ki, hansı məqsədə xidmət etdiyini bilmədiyimiz bu yalan məlumatlar rəsmi açıqlamalar səsləndirildikdən sonra belə davam etdirildi”.
Bunu "Sherg.az”a Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov söyləyib. O diqqətə çatdırıb ki, jurnalistika faktlara söykənməli, bu əsasla baş verən olayları ictimaiyyətə çatdırmalıdır:
"Dövlət qurumları və Kütləvi İnformasiya Vasitələri (KİV) arasında münasibətlərdə problem var. Ola bilər, rəsmi informasiyalar əlaqədar qurumlar tərəfindən yanlış çatdırılır. Məsələn, icra başçısına sui-qəsd olunması ilə bağlı Gəncə Şəhər Polis İdarəsi, İcra Hakimiyyəti, digər müvafiq orqanlar dezinformasiya verə bilər. Bu məlumatlar digər yanlış xəbərlərin yayılmasına gətirib çıxara bilər. Ona görə, iki sahədə diqqəti artırmaq lazımdır. Birincisi, media baş verən olayları işıqlandırarkən diqqətli olmalıdır. Əlaqədar qurumlar isə informasiyanı daha dolğun, obyektiv və mümkün qədər tez çatdırmalıdırlar.
Son hadisələr zamanı prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da informasiya yayımladı. Bu kifayət edərdi ki, Ə.Həsənovun məlumatı yayımlansın və dezinformasiyaların əhaliyə çatdırılması dayandırılsın. Halbuki bəzi KİV-lər hörmətli Əli müəllimin yaydığı məlumatdan sonra da prosesi davam etdirdi. Yenə qeyd edirəm ki, jurnalistika baş verən informasiya ilə bağlı rəsmi mənbəyə söykənməli, məlumatı tam araşdırdıqdan sonra ictimaiyyətə təqdim etməlidir. Rəsmi qurumlar isə baş verən olayla bağlı medianı vaxtında, operativ məlumatlandırmalıdırlar. Mətbuat Şurası bütün bunları əsas götürərək, yaxın zamanda konfrans keçirəcək”.
Aysel Aslan