Fazil Mustafa deyir ki, şəhid hərbçimizin nəşini geri almaq üçün bütün imkanlardan istifadə olunmalıdır
Dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə düşməni təqib edərkən şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, hadisənin üzərindən on gündən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susmağa üstünlük verir, həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymırlar. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da açıqlamasında Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqların davam etdirildiyini deyib: "BQXK hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir. Komitə hakimiyyət orqanları ilə konfidensial və ikitərəfli dialoqu davam etdirir və bu dialoqun məzmunu ictimaiyyətə açıqlanmır”.
Millət vəkili Fazil Mustafa isə "Şərq”ə açıqlamasında deyib ki, şəhid hərbiçimizin meyitinin hələ də qaytarılmaması ermənilərin beynəlxalq hüquq normalarına əməl etmədiyini göstərir:
"Əslində biz buna təəccüblənməməliyik. Ermənilər bir neçə dəfə belə hərəkət ediblər. Şəhidimizin nəşinin qaytarılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə işlər görülür. Amma təəssüflər olsun ki, ortada ciddi bir irəliləyiş yoxdur. Ermənilər ənənələrinə sadiq qalaraq bu məsələ ətrafında şou düzənləyib, öz həyasızlıqlarını nümayiş etdirib, Azərbaycana qarşı çirkin oyun oynayırlar. Hesab edirəm ki, məsələ gündəmdə qalmalı və Azərbaycan şəhidimizin meyitini geri almaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Ola bilsin ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
ermənilərin din xadimlərinə müraciət ünvanlayaraq bu məsələni həll edə bilər. Diplomatik danışıqlar da öz növbəsində aparılır, sadəcə konkret nəticə olmadığı üçün mətbuata açıqlama verilmir”. F.Mustafanın sözlərinə görə, şəhidlərimizin meyitinin qaytarılması ilə bağlı hər dəfə problem yaradan Ermənistan özünün çirkin xislətini ortaya qoyur: "Şəkil çəkildi, video hazırlandı, vəssalam. Sənədləşdirmə aparıb, şəhidi öz ölkəsinə qaytarmalısan. Bütün dünyada belədir. Amma ermənilər hər zaman olduğu kimi bu məsələdə də mənasız inadkarlıq göstərir. Düşmən belə olsa, şəhidə qarşı bu cür münasibət səviyyəsizlikdir”.
Şəymən