Düşmən panikaya düşüb

Ermənilər Azərbaycanın hər an hərbi əməliyyatlara başlayacağından qorxur
“Düşmən tərəf özü də dərk edir ki, bu şəkildə aparılan danışıqlar heç bir nəticə vermir”



Ermənistan tərəfi Azərbaycan ordusunun keçirdiyi təlimlərə görə panikaya düşüb.
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan hər an başlaya biləcək müharibə təhlükəsindən danışaraq, bunun olmaması üçün siyasi çıxış yollarının tapılmasının vacibliyini vurğulayıb.

O, erməni cəmiyyətini Azərbaycanın keçirdiyi təlimlərə görə panikaya düşməməyə çağırıb: "Münaqişə öz siyasi həllini tapmayanadək hərbi əməliyyatların başlaması təhlükəsi hər zaman var. Bu təhlükənin reallaşmaması üçün siyasi həll yolunu tapmaq lazımdır.

Davtyan Azərbaycanın keçirdiyi təlimlərə cavab olaraq Ermənistan tərəfinin öz müdafiə qabiliyyətini artırdığını diqqətə çatdırıb.
O, Azərbaycan tərəfinin döyüş əməliyyatlarını hər an başlaya biləcəyinə diqqət çəkib. Lakin burada da panikaya düşməməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlərin iyulun 6-dək davam edəcəyi qeyd olunub.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun sözlərinə görə, erməni mətbuatı Azərbaycan Ordusunun hərbi təlimlərini "genişmiqyaslı əks-hücum əməliyyatlar” kimi şərh edib, təlaşa düşməkdə haqlıdır: "Təlimlərin məqsədi odur ki, ermənilər Azərbaycanın hərbi qüdrətinin böyüklüyünü, imkanlarımızın genişliyini görsün. Bu cür təlimlərlə düşmən tərəfə demək istəyirik ki, əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində israrlı mövqeyini davam etdirsə, istənilən an hərbi gücümüzü işə sala bilərik. Düşmən tərəf özü də dərk edir ki, bu şəkildə aparılan danışıqlar heç bir nəticə vermir. Ona görə də Azərbaycanın alternativ yollar axtardığını görürlər. Onlar üçün ən qorxulu yol isə savaşdır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli isə deyib ki, Azərbaycanın keçirtdiyi irimiqyaslı hərbi təlimlərin əsas məqsədi ordunun döyüş qabiliyyətini yüksəltmək və manevr imkanlarını nəzərdən keçirməkdir: 

"Əslində ordu elə strukturdur ki, burada hər il müxtəlif formatda hərbi təlimlər keçirilir. Ordunu orduya çevirən, Silahlı Qüvvələrin gücünü, qüvvətini artıran da məhz bu təlimlərdir. Elə buna görə hərbdə xidmət etməyin ən böyük çətinliklərindən biri də buradakı dinamikanın yüksəkliyi ilə xarakterizə olunur. Hərbçilər hər gün hərəkətdədirlər. Söhbət vaxtaşırı keçirilən hərbi təlimlərdən və çevik yerdəyişmələrdən gedir. Odur ki, indiki halda irimiqyaslı təlimləri hər hansı döyüş əməliyyatının başlaması kimi xarakterizə etmək olmaz. Zənnimcə, hərbi təlimlərin nüfuzuna zərbə vuracaq informasiyalardan mümkün qədər uzaq durmaq, ehtiyatlı olmaq lazımdır”.

Hərbi təlimləri Azərbaycan ordusunun döyüş hazırlığı istiqamətində atdığı mühüm addımlardan biri kimi şərh edən İ.Rüstəmli deyib ki, Azərbaycan işğala məruz qalan tərəfdir və o, hər an hərbi əməliyyatlara hazır olmalıdır. Burada qeyri-adi heç nə yoxdur: "Azərbaycanın haqqı tapdanıb, suverenliyi pozulub, ərazilərinə təcavüz olunub. Bu gün ermənilər bizim evimizdə oturub, bizə güllə atır. Bunu bütün dünya ictimaiyyəti də çox gözəl bilir. O üzdən hətta müharibə başlasa belə, yenə də döyüşlər Azərbaycan torpaqlarında gedəcək. 

Çünki hansısa dövlətin torpaqlarına göz dikib, ərazilərini zəbt etməmişik. Yəni biz öz ərazi bütövlüyümüz uğrunda savaşırıq. Hesab edirəm ki, bütün bu reallıqlar fonunda Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimlər keçirməsi təbii qarşılanmalı və burada hər hansı pərdəarxası məqamlar axtarılmamalıdır. Ordu quruculuğunu inkişaf etdirmək, Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaqla Azərbaycan dünyanın sülh çağırışlarına təhdid yaratmır. Çünki Ordumuz təmsil etdiyi dövlətin və xalqın tapdanmış haqqı uğrunda mübarizə aparır. Hansı ki, bu haqq beynəlxalq təşkilatlar tərəfindən də tanınır. Belə olan halda bizə yalnız bu çətin və şərəfli işdə hərbçilərimizə uğurlar diləmək qalır”.

Şəymən