Düşmən Rusiyaya arxalanır

Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasına ehtiyac var


Rusiyanın işğalçı Ermənistanla birgə hərbi birləşmə yaratması gündəm olaraq qalır. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yaradılan hərbi birləşmənin qarşılığında Azərbaycanın atmalı olduğu addımlardan danışıb.

Mərkəz rəhbərinin sözlərinə görə, təcili Türkiyə ilə hərbi ittifaq yaradılması barədə Ankara ilə danışıqlara başlamalıyıq, başqa alternativimiz yoxdur.

Bəs görəsən, qardaş ölkə ilə hərbi ittifaqın yaradılması siyasi baxımdan ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir? Ümumiyyətlə, belə bir ittifaqın yaradılması mümkündürmü? 

Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan-Rusiya hərbi birləşməsinin yaradılması Azərbaycan və onun ərazi bütövlüyü üçün çox ciddi təhdiddir. 

Politoloqun sözlərinə görə, qardaş ölkə ilə hərbi əməkdaşlıq sahəsində tam miqyaslı bir işin başlanğıcından danışmaq çətindir, çünki, Ermənistan-Rusiya münasibətləri və bu münasibətlərin önünü kəsmək üçün ümumi çağırışlar kifayət etmir.

Q.Hüseynli bildirib ki, Türkiyə ilə hərbi ittifaqın qurulması mütləq müqavilə əsasında tənzimlənməlidir: 

"Biz çoxdan Türkiyə ilə münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını istəyirik. Yəni, strateji əməkdaşlıq barədə müəyyən fikirlər və niyyətlər var, amma əlaqələr hələ ki, bəlli bir saziş üzərində qurulmayıb. Uzun müddətdir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilənin imzalanması və strateji müttəfiqlik əlaqələrinin yaradılması haqqında fikirlər irəli sürürük. 

Bunun siyasi dairələrdə necə yozulmasını dəqiq deyə bilmirəm, lakin bəzən deyirlər ki, Türkiyə NATO ölkəsidir və NATO üzvü olmayan bir ölkə ilə hərbi saziş bağlaması üçün mütləq NATO-nun siyasi rəhbərliyinin icazəsi olmalıdır. Əgər Türkiyə Rusiya ilə münasibətlərində NATO-dan kənar və müstəqil hərəkət edirsə, NATO-nun siyasi rəhbərliyinin ciddi narahatlıqlar etməsinə baxmayaraq ona əhəmiyyət vermirsə, bu məsələni həyata keçirmək mümkündür. Açığını deyim ki, Türkiyə ilə hərbi ittifaqın yaradılmasının həyata keçirilməsində hansı qüvvələrin buna mane olduğunu söyləməkdə çətinlik çəkirəm. Çünki ikili münasibətlərdə hələ həllini gözləyən bir çox məqamlar var. 

Məsələn, iki dövlət arasında viza sisteminin götürülməməsi hələ qalırsa, onda hərbi ittifaqın bağlanması haqqında müqavilənin imzalanmasının ciddi əngəllərlə müşayiət olunduğu qənaətinə gəlmək olar. Üstəlik, Türkiyədə bu məsələ ilə bağlı hələ ki, ümumi çağırışlardan söz getmir. Məsələn, 1923-cü il Qars müqaviləsinə görə, Türkiyə Naxçıvan üçün zəmanət verən ölkədir. Yəni, Naxçıvanda hər hansı bir təhlükə yaranarsa, həmin təhlükəni dəf etmək üçün Türkiyənin Rusiya Federasiyası ilə 1923-cü ilin mayında müqavilə imzalayıb. Bu dəqiqə Türkiyə Naxçıvanda hər hansı bir şərt olmadan özünün bazasını aça bilər. Lakin bu məsələdə hələ ki, hərəkətlilik yoxdur. Doğrudur, Azərbaycan-Türkiyə təlimləri Naxçıvan ərazisində keçirilib. Eləcə də hərbi hava qüvvələrinin "türk-az” adı altında həm Konya, həm də paytaxtımızda təlimləri olub.

Heç olmasa, Naxçıvanda Türkiyənin hərbi bazasının yaradılması işinə girişilməlidir. Türkiyə gedib Qətərdə, Somalidə özünün hərbi bazasını yaradır və ya ora qoşun göndərir. Türkiyə dünyaya genişlənir, amma özünə qarşı ciddi iddiaları olan Ermənistanın Rusiyanın hərbi dəstəyi ilə təhlükəli qüvvəyə çevrilməsi onu ciddi surətdə narahat etmir. Bu nöqteyi-nəzərdən mənə elə gəlir ki, sözügedən hərbi ittifaqın yaradılmasında hər iki tərəfin ciddi siyasi səylərinə böyük ehtiyac var”.

Yeganə Bayramova