“Əbülfəz Qarayev bilmir ki, illərdir bir evdə qonşumla yaşayıram?”

“Yeddi oğul istərəm”in Cəlalı: “Mənim bir əlacım var, nə vaxtsa imkanım olsa, birotaqlı evin pulunu düzəldib qonşuma verib evdə ailəmlə tək yaşaya bilim”


50-dən artıq filmə çəkilən, 20 filmin rejissoru olan, milli kinomuzun sevilən aktyoru, əməkdar artist, "Yeddi oğul istərəm”in Cəlalı Ənvər Həsənovun hələ də 35 kvadratlıq kommunal mənzildə yaşaması mətbuatda ciddi müzakirələrə səbəb olub.

Sosial vəziyyəti ağır olan aktyorun Yenicag.az-a açıqlamasından sonra mövzu yenidən gündəmə gəlib.
Ənvər Həsənovla əlaqə yaradıb aktyorun hazırkı durumu ilə bağlı danışdıq. "Şərq”ə müsahibə verən Ənvər Həsənov evsiz olmasının gündəmə gəlməsindən narahatlığını dilə gətirdi.

- Hər vaxtınız xeyir ,Ənvər müəllim. Necəsiz?

- Şükür. Yaxşıyam. Həmişə yaxşı olun.

- Çoxları bu günə qədər bilmirdi ki, uzun illərdi siz qonşunuzla bir evdə yaşamağa məcbur qalmısız...

- Əslində mən bu məlumatın mətbuatda ictimailəşməsinin tərəfdarı deyiləm. Mən qətiyyən istəmirdim ki, bu barədə yazılsın. Həyatdı da, yaşamalıyıq. Düzdü, bu illər ərzində ev almamışam, mənə heç bir ev verilməyib. Amma həyatda hərənin bir talyei, qisməti olur.

- Mətbuat sizə dəstək, kömək olsun deyə bu məsələni ictimailəşdirir yəqin.

- Mənə kömək olsa, illər əvvəl mənə də ev verilərdi. İndi mənə dəstək olacaqlar?

- Belə bir deyim var ki, el elə sığır, ev evə sığmır. Qonşu ilə illərlə yaşamaq yəqin ki, çətindi...
- Təbii ki, çətindi. Kim bunu arzulayar ki? Amma bəzən reallıqlarla barışmağı da bacarmaq lazımdı.

- Bir evdə neçə ailə məskunlaşıb?

- İndi 3 otaqlı mənzildə iki ailə yaşayırıq. Qonşumuzun və mənim ailəm. Əvvəllər isə 7 ailə yaşamışıq. Sonra 5 oldu. Əvvəlki yaşayışa baxanda bu günümə də şükür deməyə məcburam.

- Yəni 7 rəqəmi taleyinizi izləyib?

- Hə, yəqin. Bu da bir qismətdi.

- Hərənin öz şəxsi həyatı, ailə sirri, çətinliyi, yaşam tərzi var. Belə yaşamağın çətinlikləri yəqin ki, var.
- Kim deyir ki, asandı. Əlbəttə, ailə üçün belə şəraitdə yaşamaq çətindi.

- Hazırda ikiotaqlı mənzildə kiminlə yaşayırsız?

- İkiotaqlı mənzildə qızım, nəvəm və mən yaşayırıq. Nə etməliyik? Bir otaqda yaşayan qonşumun da nəvələri var. Artıq doğmalaşmışıq. Qonşumun nəvələri mənə də baba deyir. Yoldaşım dünyasını dəyişəndən sonra qızım və nəvəmlə yaşayırıq.

- Hər halda qızınıza normal şəraitli ev almaq, onu normal evlə təmin etməyi hər bir ata istər. Nəzərə alsaq ki, qızınızı bəlkə də tək güvənə bildiyi insan həyatda sizsiz.

- Hər bir ata kimi, təbii ki, mən də istərdim ki, qızım üçün normal ev şəraiti qura bilim. Nəvəm artıq böyük oğlandı. 15 yaşı var. Sabah onun da ailə qurması var. Hansı ata istəməz ki, övladı üçün bir şərait qursun, onu ev-eşiklə təmin etsin, sonra gözlərini rahat yuma bilsin.

- Harasa müraciət etmisiz? Yəni ev şəraitinizin belə olması ilə bağlı rəsmi şəkildə müraciət olubmu?

- Vaxtilə müraciət etmişdim. Onda həyat yoldaşım da sağ idi. Müraciət etdik. Cavab verdilər ki, hər müraciətə görə ev vermək imkanımız yoxdu. Amma onu da bilirəm ki, şükür, dövlət tərəfindən bir çox sənətkarlara ad da verilir, ev də. Amma mənə verilmədi. Dövlət başçısı, Mehriban xanım sənət adamlarına diqqətini əsirgəmir. Amma bu barədə onlara kimsə məlumat verməlidir. Bu işlərlə mən məşğul olmalıyam? Axı mədəniyyət naziri də, başqaları da bilir ki, mən illərdi evsizəm. Əbülfəz Qarayev bilmir ki, mən evsizəm? Bilmir ki, mən illərdi bir evdə qonşu ilə həyatımı paylaşmağa məcburam? Bilir. Sadəcə onlar üçün kim maraqlı olursa, onları evlə təmin edir. Görünür, cənab nazir üçün mənim kimi sənətkarlar maraqlı deyil. Nə deyim ki? Mənim bir əlacım var, nə vaxtsa imkanım olsa, birotaqlı evin pulunu düzəldib qonşuma verib evdə ailəmlə tək yaşaya bilim. O da ya qismət.

- Yəqin bütün ümidlərinizi itirmisiz?

- Nə deyim ki? Deyim ki, ümid edirəm, mənimlə maraqlanıb məsələni həll edəcəklər? Axı illərdi bu məsələ heç kimi narahat etməyib. İndi deyirsiz ki, bundan sonra mədəniyyət naziri Ənvər Həsənovun yaşam şəraiti ilə maraqlanacaq? Allah mənə imkan versin ki, qızıma və nəvəmə normal ev şəraiti qura bilim.

Tahirə