“Efirdə kimisə ağlatmaq hələ peşəkarlıq deyil”
Fəxriyyə Lilpar:“Aparıcılarımız efiri idarə edərkən sanki elə düşünür ki, onu yalnız qohumları izləyir”
Televiziya cəmiyyətin güzgüsüdür. Azərbaycan teleməkanı barədə isə fikirlər birmənalı deyil. Televiziyalarımızı qəbul edənlər, onu izləyənlər də var, onu boz rəngdə olduğunu iddia edənlər də. Suallarımızı tanınmış teleaparıcı, jurnalist Fəxriyyə Lilpar İsayeva cavablandırdı. Onun teleməkana öz baxışı var.
- Uzun müddətdir Azərbaycan teleməkanındasız. Kənardan Azərbaycan teleməkanının rəngi necə görünür?
- Əvvəlki illərlə müqayisədə deyə bilərəm ki, indiki aparıcılar daha sərbəstdilər, improvizələrlə danışmağı bacarırlar. Bir az daha bacarıqlı, daha emosionaldılar. Öz sahələrində iddialıdırlar. Bu sahə inkişaf edir. Amma qüsurlar da yox deyil. Çalışmaq lazımdır ki, bu qüsurları aradan qaldıraq. Keçmiş aparıcılar yalnız qarşılarına qoyulan mətni oxumaq imkanına sahib idilər. Yəni öz fikirlərini ifadə edəcək səlahiyyət sahibi də deyildilər. İndikilər sərbəstdir, fikirlərini rahat şəkildə ifadə edə bilirlər. Təbii ki, söhbət peşəkar, öz işini bilən aparıcılardan gedir. Əvvəlki diktorlarla müqayisə edərkən istərdik ki, aparıcılar daha geniş dünyagörüşünə, məlumata sahib olsunlar. Efirdə estetik baxımdan daha səliqəli görünsünlər. Bədii vasitələrə üstünlük versinlər. Kiməsə elə gələ bilər ki, süni görünür. Amma süni görünmür. Bədii dildə danışmağa üstünlük versinlər. Deyək ki, qonağa "buyur, otur” deyə müraciət etməkdənsə, "buyurun, əyləşin” deyə müraciət etsələr, daha yaxşı olar. Düzdür, efirdə bədii dildə danışmağa üstünlük verən aparıcılarımız da var. Müasirlərdə səmimiyyətdən, ya başqa bir səbəbdən bəzən efirdə belə qüsurlara rast gələ bilirik. Təbii ki, əvvəlki illərlə müqayisədə efir məkanımız daha rəngarəng görünür. Qüsurlar olsa belə rəngi o qədər də boz deyil. Amma efirdə hər bir məqam önəmlidir.
- Bəzən efirdə olan aparıcılar səmimiliklə, sərbəstliklə bayağı, şit danışığı səhv salırlar. Efir səmimiyyəti sevə bilər, amma adiliyi, bəsitliyi qaldırmaz.
- Çox təəssüf, bəzən bəzi aparıcılar efir danışıqlarında sərbəstlik deməzdim, həddindən artıq bəsit, şit danışığa üstünlük verirlər. Heç bir aparıcıya o səlahiyyət verilməyib ki, desin ki, "mən deyirəm, mən sizə məsləhət verirəm”, "mən... mən...” deyə özünü ağıllı göstərməyə çalışsın. Aparıcı beynəlxalq dildə moderator, yəni yönəldən deməkdir. Aparıcı heç bir halda baş verən hadisəyə şəxsi mövqeyini bildirməməlidir. Son zamanlar efirlərdə sosial mövzulu verilişlər çoxalıb. Burada şikayətçi tərəf varsa, o sadəcə hər iki tərəfi dinləyəcək obrazdı. Çox təəssüf ki, bu sahədə olan bəzi aparıcılarımız efirdə məsləhət verməyi sevirlər. "Mən dedim, mən kömək edəcəm, mən filankəsə deyirəm, sizin bu problem həllini tapar” kimi ifadələr efirdən işlənə bilməz. Aparıcı sadəcə həmin layihəni idarə edən, moderator funksiyasını daşıyandı. Aparıcı efirdən özünü hakim kimi göstərə bilməz. Aparıcı münasibətini hiss etdirə bilməz. Yaxşı, ya pis, bu, tamaşaçının seçiminə buraxılır. Aparıcı ittiham edə bilməz. Bəzən bəzi aparıcılar səs-küylə "bunu düz etmirsən”, "belə etmək olmaz”, "sənə ayıb olsun” kimi ifadələri işlətmək səlahiyyətinə sahib deyil. Bu yanaşma qaba görünür, qeyri-peşəkar təəssürat yaranır.
- Teleməkanda olan aparıcı efirində diktə edə bilməz?
- Qətiyyən. Aparıcının bunu etmək ixtiyarı yoxdur. Aparıcı layihədə yalnız moderatordur. Onun işi yönəltməkdir. Qəribə və mənfi bir tendensiya yaranıb. Mənim də bu barədə bəlkə danışmağım düzgün olmaz. Sadəcə sualınızı cavablandırmaq üçün fikirlərimi dilə gətirməyə məcburam. İstənilən halda bu gün bu problem efirlərimizdə var. Aparıcılarımız efiri idarə edərkən sanki elə düşünür ki, onu yalnız qohumları izləyir. Onlar üçün efirə çıxıb. Amma o aparıcı düşünmür ki, ona müxtəlif sahənin insanları, həkimi, müəllimi, alimi baxır. Əslində ziyalı təbəqə də sosial problemlər yaşaya bilir. Sadəcə bunları səliqəli şəkildə təqdim etmək lazımdı. Ziyalı təbəqənin də məişəti var. Amma o məişəti cəmiyyətə çirkin şəkildə göstərmək doğru deyil. Yanaşmanı dəyişmək lazımdı. Bir verilişdə bir hadisəni böyüdüb, reytinq olsun deyə şişirtmək peşəkarlıq deyil.
- Bəzən aparıcılar efiri şəxsi tribuna kimi istifadə edirlər, şəxsi maraqları üstündə layihəni idarə edirlər. Bu, televiziya məkanında nə qədər etik görünə bilər?
- Heç bir aparıcı efirdən şəxsi maraqları üçün, şəxsi tribuna olaraq istifadə etməməlidir. Edə bilməz. Bu doğru deyil. Deyək ki, televiziya qarşısında ailə oturub, evdə ata-ana, qayınana, qayınata, uşaq. Aparıcı səs-küylə efirdə kiməsə ailəsi ilə bağlı məsləhət verir, sən bunu kişi olaraq düz etmədin, filan... axı insanların şəxsi həyatına nə aparıcının, nə də heç bir televiziyanın bu qədər daxil olması qanunauyğun deyil, qeyri-etikdir. Şəxsi sənə aiddi, toxunulmazdı. Aparıcı heç kimin şəxsi həyatına müdaxilə edəcək səlahiyyətə sahib deyil. Kimin ailəsində hansı sirlər varsa, bu, o ailənin özünün daxilində çözülə bilər. Təbii ki, qanun çərçivəsində, cinayət kimi məqamlar yoxdursa, ailənin şəxsi hisslərinə toxunmaq düzgün deyil.
Aparıcı efirdən heç kimə əxlaq dərsi keçə bilməz, heç bir insana "ana-ata belə olmalıdır” deyə məsləhət edə bilməz. Necə ki, müəyyən etik qaydalar, tərbiyə üsulları var, onlara əməl olunmalıdır. Kiminsə şəxsi söhbətinə qulaq asmaq, kiminsə qapıdan danışığına qulaq asmaq, kiminsə çantasına, pul kisəsinə girmək olmaz, icazəsiz heç kimin yataq otağına daxil olmaq olmaz kimi qaydalar varsa, deməli, efirdə də bu qaydalar nəzərə alınmalıdır. Veriliş adı altında insanların şəxsi həyatını ictimailəşdirmək, onlara aid şəxsi məlumatları, sirləri açıq şəkildə ictimaiyyətin qarşısında müzakirə etmək olmaz. Bu, doğru deyil. Bu, insan hüquqlarını pozmaqdı. Maarifləndirici, əxlaq və tərbiyəvi mövzuda verilişlərdə mütəxəssislərin fikirlərini efirdə təqdim etmək gözəl addımdır. Amma aparıcı bir insanın şəxsi həyatını, sirrini efirdə göstərib reytinq qazansın deyə kimisə ağlatmaqla, kiməsə "kişilik”, "qadınlıq” dərsi keçmək səlahiyyətinə sahib deyil. Aparıcı verilişində heç bir vətəndaşın şəxsi sirrini ictimailəşdirmək kimi səlahiyyətə sahib olmadığı üçün onun addımında artıq cinayət var.
Sən heç kimin şəxsi həyatını onun icazəsi olmadan müzakirə edib, onu qınaya bilməzsən. Bu, televiziya qaydalarında da, jurnalistika peşəsində də qeyri-ciddi görünür. Bu, peşəkar televiziya standartlarından uzaq bir taktikadır. Məhrəmlərə toxunmaq olmaz. Təəssüf ki, bəzi məsələlər aşırı dərəcədə efirlərdə təqdim olunur. Reytinq naminə insanların şəxsini istifadə etmək olmaz. Ən azı etik baxımdan bu doğru deyil. Efirdə kimisə ağlatmaq hələ peşəkarlıq deyil. Televiziyanın özünəməxsus stereotipləri var. Hər bir televiziya insanına bir maraq var. Tamaşaçı onları izləyir, onlara inanır. Əvvəllər daha çox inanırdılar, bu gün bəzilərinin sayəsində o inam azalıb. Televiziyaya bir inam mövcud idi.
Əgər bir məlumat televiziyada deyildisə, demək doğrudur. Bəzən onların dediklərinin həqiqət olmadığını bilsək belə televiziyaya inam var. Əgər sosial, məişət mövzusunda televiziyaya üz tutub kömək istəyən vətəndaş varsa, təbii ki, ona dəstək olmaq lazımdı. Aparıcı onun probleminin həlli üçün efirdə müzakirələr üçün şərait yarada bilər. Amma bu o demək deyil ki, onun şəxsinə, şəxsi həyatına müdaxilə haqqımız var. Sosial xarakterli verilişlər hər bir dövlətin televiziyasında var. Amma aparıcı olaraq sən ona efirdən məsləhət, öyüd vermə. Sən onu özəlləşdirmə, yernən süründürmə, ağladaraq tamaşaçı yığma. İnsani dəyərləri qoruyaraq efirdə moderator funksiyasını yerinə yetirməyə çalış. Sosial həyat, məişət zəminində olanlar hər zaman kənardakılar üçün maraqlı görünüb. O verilişlər həmişə reytinq qazanıb, qazanacaq.
Yadınızdadırsa, bir vaxtlar AzTV-də Nailə xanım İslamzadənin təqdimatında "Ailələr, talelər” adlı sosial veriliş böyük marağa səbəb olmuşdu. Bu veriliş öz dövründə böyük rezonans yaratdı. Bu gün də Nailə xanım o verilişin adı ilə tanınır. İnsanlar başqalarının talelərini eşitməyi sevirlər, çünki burda hisslər, emosiyalar var. Gələcəkdə də bu kimi verilişlər olacaq. Sadəcə bunu etik qaydalar çərçivəsində, səliqəli təqdim etmək lazımdır. Bu bir sosial mesajdı. Bunu ona görə qeyd edirik ki, efirə gələnlər bunu diqqətə almağa çalışsınlar.
Layihəni efirə təqdim edəndə verilişin məqsədi barədə də məlumat veririk. Bizim verilişin məqsədi, məramı nədir? Hədəf auditoriyası göstərilir. Bir az səliqəli ifadə etsək, bir qadın "yıxılıb”sa, buna görə onu boşayıblarsa, məqsədimiz o deyil ki, o necə yıxılıb, yıxılanda necə görünüb. Məqsədimiz odur ki, insanlara çatdıraq ki, qadın yıxılırsa, buna görə onu boşaya bilərlər. Çalışmaq lazımdı ki, büdrəyib yıxılmasın. Bax, yanaşma belə olmalıdır.
- Tamaşaçının televiziyaya inamı vacib stereotip sayılır. Hərçənd son illər bəzi aparıcıların "əməyi” nəticəsində televiziyaya inam azalıb...
- Həqiqətən tamaşaçının televiziyaya, televiziyada olan insana inamı vacib məqamdı. Əgər tamaşaçı sənə inamını itiribsə, demək, bu böyük problemdir. O insanı itirməmək lazımdı. Televiziya əslində tamaşaçıdan asılıdır. Bir də bir insan nə qədər əlçatmazdısa, o qədər maraqlıdır. Həyatımızda olan ani anları müqayisə edək. Qarşıdan bir gözəl qadın gəlir. Onun görünüşü sənin diqqətini çəkir. O sənə yaxınlaşana, danışana qədər gözəl görünür. Danışanda əgər o özünü ifadə edə bilmirsə, ya da danışığı çox çirkin oldusa, o gözəllik itir. Ağzını açana qədər gözəllik ola bilər. Sonra da gözəl görünmək vacibdi. Efir məkanını da, televiziyanı da gözəl qadına bənzədirəm. Efirdə veriliş təqdim olunana qədər onun şapkası maraqlı, gözəl görünə bilər. Amma veriliş başlayandan sonra görüntünün gözəl olub-olmaması vacibdi. Sən hər zaman o məsuliyyəti hiss etməlisən ki, efirdəsən, tamaşaçının diqqətindəsən, əlçatmaz və səliqəli görünməlisən. Sənin hər kəlmən inandırıcı olmalıdır. Sən o inam obrazını tamaşaçıda yarada bilmədinsə, demək ki, uğur barədə düşünməyə dəyməz. Bəzən efirdə olan danışıq, hərəkət aparıcını adiləşdirə bilir. Süni şəkildə subartinasiya qurulmalıdır. Baxın, yenə altını cızaraq bunu deyirəm. Süni bir subartinasiyanın yaradılması vacibdi. Hər hansı iş görüşünə gedərkən bir obraz yaratmalısan. Sənin geyimindən tutmuş saç düzümünə qədər o görüşün danışıqlarına uyğun, rəsmi olmalıdır. Sən o görüşdə inandırıcı görünməlisən. Sizin ciddi qəbul olunmanız üçün ilkin inam lazımdı. Tamaşaçının televiziyaya inamı, aparıcıya inamı vacibdi.
(davamı var)
Tahirə Məmmədqızı