Vüqar Rəhimzadə: “Əlavə dəyər vergisinin ləğvi qəzetlərin imkanlarının yaxşılaşmasına böyük təsir göstərər”
Qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi çap mediasının durumunu daha da ağırlaşdırıb. Əvvəllər olmasa da, bu vergi artıq bir neçə ildir ki, tətbiq edilir.
Bu günlərdə Azərbaycan mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da çap məhsullarının əlavə dəyər vergisindən azad olunması ilə bağlı təklif səsləndirib: "Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir - təxminən yarım milyon manat. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı durumda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır”.
Şura sədri bildirib ki, bu missiya yalnız ictimai deyil, eyni zamanda stratejidir: "Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir. Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır. Sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır. Ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.
Əlavə dəyər vergisinin ləğv edilməsi ilə bağlı təklifi dəstəklədiyini deyən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Şərq”ə bildirib ki, verginin ləğvi mətbuatın iqtisadi cəhətdən daha da inkişaf etməsinə şərait yaradacaq:
"Son illər Azərbaycan dövləti və dövlət başçısı cənab prezident İlham Əliyev mediaya kifayət qədər və lazımlı dəstək göstərir, müstəqil mətbuatın inkişafı üçün lazımlı qərarlar verilir. 2009-cu ildə KİVDF-nin yaranması məhz buna bariz nümunədir. Çap məhsullarının əlavə vergilərdən azad olunması ilə bağlı Əflatun müəllim də fikir səsləndirdi. Düşünürəm ki, verginin ləğv edilməsi qəzetlərin imkanlarının yaxşılaşmasına böyük təsir göstərər. Hesab edirəm ki, bu təklif ümumən müzakirə oluna bilər və medianın iqtisadi baxımdan inkişafına təkan yaradar”.
Yeganə Bayramova